BAKIDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Respublikamızda fəaliyyət göstərən 72 beynəlxalq humanitar təşkilatın nümayəndələrinin təmsil olunduğu və iki gün davam edəcək konfrans BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ABŞ-ın “Uşaqların xilası”, “MERSİ KOR”, Norveç Qaçqınlar Şurası və digər təşkilatların təşəbbüsü ilə keçirilir. Məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından zorla çıxarılmış, qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyondan çox insana son on il ərzində beynəlxalq humanitar təşkilatlar tərəfindən yardım göstərilməsi sahəsindəki fəaliyyəti təhlil etmək, bu cür yardımın gələcəkdə də davam etdirilməsi üçün imkanları araşdırmaqdır.
Konfransı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Boqdan Nahaylo açdı.
BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ
AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ BOQDAN
NAHAYLONUN ÇIXIŞI
- Çox hörmətli Prezident İlham Əliyev!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları birliyi, eləcə də bizim tərəfdaşlarımız və özəl sektordan olan sponsorlarımız tərəfindən bu konfransı açmaq mənə həvalə olunduğuna görə böyük şərəf hissi duyuram.
Zənnimcə, bu konfransın mövzusunun müzakirəsinin vaxtı artıq çatmışdır. Cənab Prezident İlham Əliyevin konfransda iştirakı bu tədbirin müstəqil Azərbaycanın həyatında və ölkənin beynəlxalq ictimaiyyətlə əlaqələrində əhəmiyyətini bir daha bariz şəkildə nümayiş etdirir.
Azərbaycanın öz dövlətçiliyini möhkəmləndirdiyi ilk illər ölkənin fövqəladə humanitar vəziyyətlə üzləşdiyi mürəkkəb bir dövrə təsadüf etmişdir. Azərbaycanın böhran və ehtiyac içində olduğu həmin dövrdə beynəlxalq ictimaiyyət bu gənc dövlətin hökumətinə fövqəladə vəziyyətin öhdəsindən gəlmək, onu tədricən arxada və sonrakı mərhələyə keçməyə yardım göstərmək üçün kömək etmişdir.
Azərbaycan hökuməti bu gün, özünün neft sərvətlərindən faydalandığı bir vaxtda tədricən öz vətəndaşlarının, xüsusilə də onların ən yoxsul təbəqələrinin sosial və iqtisadi ehtiyaclarını ödəməklə bağlı məsuliyyəti tam şəkildə öz üzərinə götürmək imkanı qazanmışdır. Ümidvarıq ki, yaxın illər ərzində Azərbaycanın neft gəlirlərinin həcmi çoxaldıqca, ölkə əvvəllər beynəlxalq humanitar və inkişaf təşkilatlarının yardımına ehtiyacı olan sahələrdə özünə güvənməsini təmin edəcəkdir.
Azərbaycanın sosial və iqtisadi inkişafı ilə bağlı məsuliyyəti tam şəkildə öz üzərinə götürəcəyi vaxtadək davam edəcək bu keçid mərhələsində, bir tərəfdən, ölkənin hökuməti ilə, digər tərəfdən isə, beynəlxalq humanitar və inkişaf təşkilatlarının özləri arasında mövcud əməkdaşlıq yeni reallıqları əks etdirməli və zamanın dəyişən tələblərinə cavab vermək üçün uyğunlaşdırmalıdır. Bu konfrans da məhz bu mövzuya həsr olunmuşdur.
Əsas ehtiyacları ödəmək üçün Azərbaycan hökumətinin malik olduğu və olacağı resursların, mövcud boşluqların və onların əhəmiyyət dərəcələrinin şəffaf, əhatəli şəkildə təhlilinə ehtiyac vardır. Yalnız bu barədə müvafiq diskussiyadan sonra humanitar və inkişaf təşkilatlarının rolu daha məntiqli şəkildə müəyyənləşdirilə bilər.
Azərbaycan hökuməti artıq bir neçə il bundan əvvəl fövqəladə mərhələdən inkişaf mərhələsinə keçmişdir. 2004-cü ildə biz humanitar yardımın təqdim olunması istiqamətində deyil, hökumətin iqtisadi tərəqqisi və yoxsulluğun azaldılması strategiyası istiqamətində düşünməliyik. Bu mənada biz hökumətin hələ də öz resursları hesabına öhdəsindən gələ bilmədiyi boşluqlara və hökumətin ümumi tərəqqi proqramının güclənməsinə diqqət yetirməliyik. Məhz bu, Azərbaycanda BMT-nin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və digər təşkilatların diqqət yetirdiyi fəaliyyət istiqamətidir.
Biz əlaqələndirmə işinin gücləndirilməsi, ehtiyacların dəqiq surətdə təhlili, məlumat mübadiləsinin təmin edilməsi və məsuliyyətin müəyyənləşdirilməsi üçün daha mükəmməl mexanizmə ehtiyacın olduğunu hiss edirik. Məhz buna görə də biz cənab Prezidentin hökumətini, o cümlədən İqtisadi İnkişaf Nazirliyini, Dövlət Neft Fondunu bu dialoqa cəlb etməyə çalışırıq.
Cənab Prezidentin bu görüşdə iştirak etməsi, sözsüz ki, işimizə çox böyük təkan verən amillərdən biridir. Bizim qarşımızda qoyulan məsələlərin müzakirəsi məhz bu səviyyədə aparılacaqdır. Bu, işçi konfransdır və iştirakçılar işçi qruplar tərkibində öz təklif və düşüncələrini bölüşməlidirlər. Konfransın birinci günü son on ildə nailiyyətlərimizin bir daha təhlilinə, ikinci iş günü isə keçdiyimiz yolu təhlil etməklə, gələcəkdə görüləcək işlərimizə həsr olunacaqdır.
Cənab Prezident, Sizin bilavasitə iştirakınız vacibdir və bizim çoxlu məsələlərimizin qısa müddət ərzində müzakirəsini nəzərə alaraq, iştirakçılardan bu vaxtdan səmərəli istifadə etməyi xahiş edirəm. Çox sağ olun.
İndi isə mən sözü ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Triqve Nelkiyə verirəm. O, mərasimin sonunadək tədbirə sədrlik edəcəkdir.
X X X
ABŞ-IN “UŞAQLARIN XİLASI” BEYNƏLXALQ HUMANİTAR
TƏŞKİLATININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN
RƏHBƏRİ TRİQVE NELKİNİN ÇIXIŞI
-Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar və həmkarlar!
Bu konfrans Azərbaycanda humanitar fəaliyyətin on illiyinə həsr olunur. Həmin fəaliyyət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşəbbüsü kimi başlansa da, sonrakı on il ərzində humanitar yardım və inkişaf sahələrində çalışan çoxsaylı təşkilatları təmsil etməklə daha geniş vüsət almışdır. Konfransın təşkilat komitəsinin adından mən tədbirin keçirilməsi səbəbləri və məqsədləri haqqında məlumat vermək istəyirəm.
İlk əvvəl, demək olar ki, biz hamımız Azərbaycana Dağlıq Qarabağ münaqişəsi nəticəsində əhalinin kütləvi yerdəyişmələri ilə bağlı humanitar böhrana cavab olaraq gəlmişik. Əvvəlcə, yalnız bir neçə beynəlxalq təşkilat, o cümlədən Sərhədsiz Həkimlər, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT QAK, habelə Türkiyə və İran hökumətləri yardımın təqdim edilməsi ilə məşğul olduğu halda, illər keçdikcə, bu fəaliyyətə qoşulan beynəlxalq təşkilatların sayı artmışdır.
İlk illərdə Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatlar əsas diqqəti fövqəladə yardıma yönəltmişdilər. Bu zaman əsas məqsəd yüz minlərlə qaçqın və məcburi köçkünün yaşayışını təmin etmək idi və bu səbəbdən böyük həcmdə humanitar yardım təqdim olunurdu. Belə bir həddən artıq mürəkkəb və ağır vəziyyətdə yardımın göstərilməsi ilə məşğul olmuş təşkilatların gərgin əməyi və humanitar böhranın təsirini mümkün qədər azaltmaq cəhdləri təqdirəlayiqdir.
Lakin burada olduğumuz on il ərzində çox dəyişiklik baş vermişdir. Əvvəlcə, təşkilatlar qaçqın və məcburi köçkünlərə davamlı yardımın göstərilməsindən başlasalar da, sonradan diqqəti münaqişə qurbanları olan əhalinin daha davamlı və genişmiqyaslı inkişafının təmin edilməsinə yönəltməyə başladılar.
Bu fəaliyyətin həyata keçirilməsində payı olan təşkilat və ölkələrin siyahısında da çoxlu dəyişikliklər baş vermişdir. İlk vaxtlar Azərbaycana humanitar yardımda ən böyük payı olan İran və Türkiyə hökumətləri idisə, hazırda ən böyük ikitərəfli donor ABŞ hökumətidir. Eyni zamanda, Azərbaycan ərazisində müxtəlif regional və dövlətlərarası inkişaf təşkilatları fəaliyyət göstərir. BMT-nin İnkişaf Proqramı, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Birliyi kimi təşkilatlar inkişaf sahəsində son dərəcə mühüm rol oynayırlar. Bundan əlavə, uzun müddət ərzində qaçqın və məcburi köçkünlərə yardım sahəsində rolu olan özəl sektor da iqtisadi imkanların inkişaf etdirilməsində daha çox fəallaşır.
1990-cı illərin sonlarında başlanmış yardımdan inkişafa doğru keçid artıq başa çatmaq üzrədir. Azərbaycan artıq fövqəladə humanitar vəziyyətdə deyildir. Qaçqın və məcburi köçkünlərin vəziyyəti bəzi hallarda hələ də çox ağır olsa da, Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyətin birgə cəhdləri nəticəsində sabitləşmişdir.
Ölkədə vəziyyət dəyişdikcə, humanitar fəaliyyətin məzmunu və əsas istiqamətləri də dəyişməlidir. Azərbaycanın artan neft gəlirlərindən və beynəlxalq ictimaiyyətin dəstəyindən bəhrələnərək, ölkənin qarşısında duran geniş iqtisadi problemlərin öhdəsindən gəlmək vaxtıdır. Bu baxımdan diqqətin yalnız qaçqın və məcburi köçkünlərə deyil, bütövlükdə aztəminatlı əhaliyə yönəldilməsi istiqamətində səylərimizi genişləndirməyin vaxtı çatmışdır. Artıq hökumət beynəlxalq ictmaiyyətin yardımı ilə öz köməyini daha çox ehtiyacı olan insanlara istiqamətləndirməli və əsas diqqətini onların rifahının yüksəldilməsinə, müvafiq sosial xidmətlərdən istifadə, habelə iqtisadi imkanlarının artırılmasına yönəltməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mənfi təsirlərindən əlavə, Azərbaycan hələ də Sovet İttifaqının dağılmasının nəticələrindən qurtarmaq və bazar iqtisadiyyatına keçid üçün mübarizə aparmaqdadır. Ölkədə hələ də həddən artıq yoxsul insanlar vardır, bir çoxları ilkin tibbi yardım ala və digər əsas sosial xidmətlərdən bəhrələnə bilmir, hələ də təhsil ala bilməyən xeyli uşaq var, Azərbaycanın rayonlarında iqtisadi imkanlar hələ də çox zəifdir.
Hökumət artıq bu problemlərlə məşğul olmaq istəyini ifadə etmişdir və bunun üçün əlaqələndirilmiş və davamlı səylərin çox böyük əhəmiyyəti vardır. Lakin hökumət bütün problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Bu keçid mərhələsində, Azərbaycan hökumətinin ölkənin ən çox ehtiyacı olan əhalisinin həyat şəraitini yaxşılaşdırmaqla bağlı məsuliyyəti tam şəkildə öz üzərinə götürəcəyi vaxtadək, beynəlxalq ictimaiyyətin mövcud boşluqları aradan qaldırmaq sahəsində köməyi və təcrübə əsasında mühüm tövsiyələr verməsi həddən artıq əhəmiyyətlidir. Beynəlxalq ictimaiyyət, o cümlədən ikitərəfli və çoxtərəfli donorlar, beynəlxalq humanitar və inkişaf təşkilatları, habelə digər qurumlar hökumətin bu səylərini dəstəkləməklə bağlı mühüm rol oynayacaqlar.
Bu konfrans humanitar sahədə mövcud boşluqların, öncül vəzifələrin müəyyən edilməsi, hökumət, humanitar və inkişaf qurumları, habelə özəl sektor arasında məsuliyyət və rol bölgüsünün aydın şəkildə aparılması üçün imkan yaradacaqdır. Bu, ehtiyacların və resursların şəffaf şəkildə təhlilinə əsaslanan səmərəli əlaqələndirmə və hökumətlə qarşılıqlı əməkdaşlıq üzərində qurulan fəaliyyətin təmin edilməsi üçün çox vacibdir. Eyni zamanda, hökumətin bu məsələlərdə aparıcı mövqe tutması və bu barədə düşüncələri haqqında məlumat verməsi həddən artıq əhəmiyyətlidir.
Bütün bunları nəzərə alaraq, biz həddən artıq məmnunuq ki, zati- aliləri Prezident İlham Əliyev gələcək barədə yeni düşüncələrini, Azərbaycanda yoxsul və ehtiyacı olan insanlara yardımla bağlı planlarını və beynəlxalq təşkilatların iqtisadi imkanların atırılmasına və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş roluna dair fikirlərini bölüşmək üçün bu gün bizimlə bir araya gəlməyə razılıq vermişdir.
Zati-ailəri, Azərbaycanın əsasını hələ Prezident Heydər Əliyevin qoyduğu iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı niyyətin Sizin tərəfinizdən təsdiqlənməsi bizim hamımızın yüksək rəğbətinə səbəb olmuşdur.
Zati-alilərinin yeni düşüncələrinin həyata keçirilməsi Azərbaycan hökumətinin beynəlxalq təşkilatların təcrübə və imkanlarından bəhrələnməsinə də səbəb olacaqdır. Ölkədə fəaliyyət göstərən humanitar və inkişaf təşkilatlarının hamısına bərabər şəkildə tətbiq edilə biləcək vahid hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş işlərin davam etdirilməsi də çox vacibdir. Bu qanunvericilik bazası səviyyəsində ölkədə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarının xüsusi statusu ilə yanaşı, onların təkcə öz mənafeləri üçün deyil, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində də çalışmalarına da ehtiyac vardır. Onların özünəməxsus missiyası vergi məsələlərində və digər hüquqi məsələlərdə öz əksini tapmışdır. Belə ki, hazırkı mərhələdə hökumət təşkilatları 27 faizlik sosial-sığorta ayrılmalarından azad etməklə onların rolunu tanımalıdır.
Belə bir bazanın inkişafında irəliləyiş beynəlxalq ictimaiyyət və Azərbaycan hökuməti arasında sıx və səmərəli əməkdaşlığın vacib rəmzidir. Bu, həm də hökumətin səylərini dəstəkləmək imkanında olan yerli təşkilatların inkişafının təşviqində əsas addım olacaqdır ki, bu da beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkədə fəaliyyətinin miqyasının tədricən məhdudlaşdırılmasına hazırlıq kimi həddən artıq əhəmiyyətlidir.
Vahid hüquqi bazadan əlavə, ölkədə fəaliyyət göstərən müxtəlif beynəlxalq, yerli humanitar və inkişaf qurumları arasında əlaqələndirmənin daha da təkmilləşməsinə ehtiyac vardır. Hökumət Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yaradılması ilə bu əlaqələndirmənin təmin edilməsinə başlamışdır. Bu Komissiya humanitar yardımın əlaqələndirilməsində həddən artıq mühüm bir tərəfdaş olmuşdur. Hökumətin Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramını qəbul etməsi və müvafiq Katibliyin yaradılması bu sahədəki fəaliyyəti vüsətləndirir. Bu addımlar təbii ki, əlaqələndirmənin daha da təkmilləşdirilməsində faydalı olacaq, eyni zamanda, daha çox işlər görülməsi və bu konfransda söhbət gedən məsələlərə daha çox diqqət yönəldilməsi üçün imkan yaradacaqdır.
Təşkilatçılar adından ümid edirik ki, bu konfrans həm də, Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün dönüş nöqtəsi kimi qəbul ediləcəkdir.
Təşkilat Komitəsi ölkənin inkişafında özəl sektoru təmsil edən bir sıra digər qurumların, xüsusilə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin və donor rolunu öz üzərinə götürməyə başlayan yerli şirkətlərin də konfransa cəlb edilməsində israrlı olmuşdur. Özəl sektora aid təşkilatlar iqtisadi inkişaf prosesində böyük rol oynamağa başlamışlar və Azərbaycanın inkişafı naminə gələcəkdə də bu fəaliyyətlərini davam etdirəcəklər.
Cənab Prezident, bizə yaradılan şəraitə və fəaliyyətimizə göstərilən qayğıya görə mən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar adından Sizə və Nazirlər Kabinetinə dərin təşəkkürümüzü bildirirəm.
Konfransın əsas sponsorları olan “bp”, “Ekson-Mobil” və “Statoyl” şirkətlərinə təşkilatçılar adından təşəkkürümü çatdırıram.
İndi isə böyük şərəf hissi ilə sözü Zati-aliləri cənab İlham Əliyevə verirəm.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söylədi.
Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunmuşdur.
X X X
Prezident İlham Əliyev beynəlxalq konfransın təşkilatçıları və iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
X X X
Sonra konfrans geniş iclasda öz işini davam etdirdi.
İclasa sədrlik edən ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Triqve Nelki “Fövqəladə vəziyyət mərhələsi və çətinliklərin miqyası” mövzusunda çıxış etdi.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Boqdan Nahaylo təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyətindən danışdı.
Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Meri Vernts bildirdi ki, Azərbaycanda müharibədən əziyyət çəkən insanlara yardım etmək ilk dövrlər xeyli çətin olsa da, sonra buna nail olundu, blokada şəraitində yaşayan Naxçıvana da müəyyən yardımlar edildi. İndi Azərbaycanda yaradılan yerli təşkilatlar müxtəlif növ yardımlar göstərirlər. BQXK qarşısına qoyduğu məqsədə - fövqəladə vəziyyətdən reabilitasiya mərhələsinə keçmək məqsədinə çatmışdır.
ABŞ-ın “Uşaqların xilası” beynəlxalq humanitar təşkilatının respublikamızdakı nümayəndəliyinin, BMT-nin Humanitar məsələlər üzrə əlaqələndirmə idarəsinin sabiq rəhbəri Lütfül Kəbir fövqəladə vəziyyətlərdən çıxış yolunun əməkdaşlıq, tərəfdaşlıq, əlaqələndirmə işlərinin artırılmasında olduğunu diqqətə çatdırdı, beynəlxalq humanitar təşkilatların bu işdə öz rolunu artırmasının və daha fəal iştirakının vacibliyini söylədi.
Müstəqil mütəxəssis Leyla Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, inkişaf mərhələləri və bu zaman daxili amillərin rolu barədə məlumat verdi. O dedi ki, Ermənistanda ekspansionist, millətçi təmayüllü qüvvələrin hakimiyyətə gəlməsi məlum münaqişənin daha geniş miqyas almasına səbəb olan əsas amillərdən biridir.
Çıxışlarda xatırladıldı ki, Azərbaycanda humanitar fəaliyyətin fövqəladə mərhələsi 1992-ci ildən başlanmışdır. Sovet İttifaqı dağıldıqdan sonra yeni yaranmış müstəqil dövlətlərdə münaqişələrin tüğyan etməsi, Cənubi Qafqazdakı, eləcə də Azərbaycandakı qaçqın-köçkünlərin sovet vətəndaşı olması BMT-nin bu məsələyə birbaşa müdaxiləsinin qarşısını almışdır. Buna baxmayaraq, Türkiyənin vasitəçiliyi ilə 1992-ci ildə Azərbaycanla əlaqələr yaradılmış və ölkəyə ilk yardım göndərilmişdir. Təxminən bir il ərzində 200 mindən çox qaçqın-köçkünə yardım edilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin, Sərhədsiz Həkimlər Təşkilatının regionda iştirakı BMT QAK-ın fəaliyyətini genişləndirməyə imkan vermiş, sonrakı illərdə bir sıra proqramlar hazırlanmış və onların çərçivəsində humanitar yardımların miqyası artırılmışdır. Amma münaqişənin daha geniş vüsət alması işi xeyli çətinləşdirmişdir.
Xüsusi vurğulandı ki, 1994-cü ildə Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunması gərginliyi bir qədər azaltdı və humanitar təşkilatların sayı artmağa başladı. Münaqişənin uzanması, dünyanın digər bölgələrində yeni münaqişə ocaqlarının yaranması donarların fəaliyyətinin zəifləməsinə səbəb olsa da, Azərbaycan hökumətinin öz daxili imkanları, xüsusən də neft gəlirləri hesabına qaçqın-köçkünlərin problemlərinin həllini qismən öz üzərinə götürməsi BMT rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov konfransda geniş çıxış etdi. O, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri barədə məlumat verməklə yanaşı, xatırlatdı ki, hazırda Azərbaycanda Əfqanıstan, İran, Rusiya, İraq, Fələstin və digər ölkələrdən 11 min nəfərədək “qaçqın” statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də mövcuddur. İndi respublikamızda 72 beynəlxalq, 18 yerli humanitar təşkilat və onların təsis etdiyi inkişaf təşkilatları fəaliyyət göstərir. Prezident Heydər Əliyevin 1995-ci il tarixli Sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının əlaqədar dövlət orqanları ilə birlikdə gördüyü tədbirlər nəticəsində mövcud çətinliklər tədricən aradan qaldırılmış, müvafiq qanunvericilik bazası yaradılmış, beynəlxalq, yerli humanitar təşkilatların vahid mərkəzdən əlaqələndirilməsi və tam şəffaf, qarşılıqlı, nümunəvi əməkdaşlıq şəraitinin yaradılması təmin edilmişdir.
Əli Həsənov xatırlatdı ki, əvvəllər BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən ölkəmizdə 200 min nəfər qaçqın-köçkünə aylıq ərzaq yardımı göstərilirdisə, hazırda bu rəqəm 140 min nəfərdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, ABŞ-ın “ADRA”, Türkiyənin “Qızıl Ay” təşkilatları və digərləri isə 200 min nəfər qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərirdi. Bu proqram da 2001-ci ildən dayandırılmışdır. Hazırda ölkədə beynəlxalq, yerli humanitar təşkilatlar və onların təsis etdiyi qeyri-bank kredit təşkilatlarından yardım alanların 70 faizi, ötən 10 ildə isə ölkəyə göstərilən humanitar yardımlardan bəhrələnənlərin 30 faizi yerli aztəminatlı əhalidir.
Baş nazirin müavini çıxışının sonunda vurğuladı ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən bütün humanitar və inkişaf təşkilatlarının sərbəst fəaliyyəti üçün tədbirlər görəcək və indiki konfransda Azərbaycan Prezidentinin verdiyi tapşırıqların və göstərişlərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatlarla sıx və səmərəli əməkdaşlığı davam etdirəcəkdir.
X X X
Daha sonra “Fövqəladə vəziyyətdən inkişaf mərhələsinə doğru” mövzusunda müzakirələr aparıldı.
Çıxışlarda bildirildi ki, BMT-nin İnkişaf Proqramı Dünya Bankı ilə birlikdə Azərbaycan hökumətinə müəyyən potensialın yaradılmasında kömək göstərmişdir. Azərbaycanda mövcud olan problemlərin həlli istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyəti yeni vəzifələr haqqında fikirləşməyə vadar etmişdir. 2000-ci ildə Nyu-Yorkda BMT-nin zirvə görüşündə Prezident Heydər Əliyevin iştirakını xatırladan natiqlər vurğuladılar ki, Azərbaycanın dövlət başçısı orada söylədiyi nitqində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, yoxsulluğun azaldılması məsələlərini bütün ciddiliyi ilə qaldırmış və bundan sonra Azərbaycana dair irimiqyaslı proqramın müzakirəsinə başlanmışdı.
Hazırda Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində işlər davam etdirilir. Beynəlxalq təşkilatlar bu sahədə Azərbaycan hökumətinə bundan sonra necə kömək göstərmələri barədə fikirləşməlidirlər.
Konfrans fevralın 18-də öz işini davam etdirəcəkdir.
X X X
Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər konfransda iştirak edirdilər.