Bakıda Britaniya Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə qəbul təşkil edilib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Kraliça II Elizabetin təvəllüd günü və 90 illik yubileyi münasibətilə qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, xüsusilə enerji, biznes, təhsil və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir.
Səfir vurğulayıb ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi ölkələrimiz arasında əlaqələrin gücünü göstərmək üçün böyük imkandır. Böyük Britaniya Azərbaycanda ən böyük enerji investorudur. Britaniya xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əsas ölkə olaraq qalır. Diplomat vurğulayıb ki, Qarabağ atlarının Kraliçanın yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirakı bu ilin əlamətdar hadisəsi idi.
Səfir Britaniya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə sülh yolu ilə həll olunmasına ümid etdiyini bildirib.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Britaniya xalqını Kraliçanın doğum günü münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan-Britaniya münasibətləri dərin köklərə malikdir. Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq inkişaf edir. Neft-qaz sahəsi əlaqələrdə xüsusi əhəmiyyət kəsb edir. BP ölkəmizin əsas enerji tərəfdaşıdır. Biz əməkdaşlığımızı davam etdirəcəyik. Amma biz qeyri-neft sektorunun da inkişafına diqqət yetirməliyik. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Biz çox məmnunuq ki, Böyük Britaniya ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir. Lakin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropada böyük nüfuza malik bir ölkə kimi Britaniya problemin həllinə daha böyük töhfə verə bilər.
Tədbirdə rəsmi şəxslər, diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.