CƏMİYYƏT
Bakıda cibgirliklə məşğul olan şəxsin digər cinayətlər törətdiyi də müəyyənləşdirilib
Bakı, 8 aprel, AZƏRTAC
Paytaxt ərazisində sərnişin avtobusları və insanların sıx olduğu yerlərdə çoxsaylı cibgirlik cinayətləri etdiyi üçün Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Göyçay rayon sakini, əvvəllər altı dəfə məhkum olunmuş Rövşən İsmayılovun başqa qanunazidd əməlləri də məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə R.İsmayılovun paytaxt ərazisində daha beş nəfərin cibindən mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı müəyyənləşdirilib.
Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.