İDMAN
Bakıda Formula 2 üzrə ikinci yarışa start verilib
Bakı, 29 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində saat 13:10-da Formula 2 üzrə ikinci əsas yarışa start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar 45 dəqiqə ərzində uzunluğu 6 kilometr olan Bakı trekində 21 dövrə vuracaqlar.
Qeyd edək ki, Bakıda Formula 2 pilotları əvvəlcə sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyottoya, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.
Sıralanma turunda isə “Dams” komandasının 22 yaşlı pilotu Aleksander Albonun 1 dəqiqə 54,48 saniyəlik nəticəsi rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.
Daha sonra Formula 2 üzrə birinci yarış keçirilib. “Dams” komandasının pilotu Aleksander Albon yarışın qalibi olub. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in sürücüsü Antonio Fuoko üçüncü olublar.
Bu gün saat 16:10-da Formula 1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsinə start veriləcək.