Bakıda “Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri” mövzusunda konfrans keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Bakıda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans həmkarlar ittifaqları təşkilatlarının mövcud problemlərinə, onların əmək və ictimai fəallığının artırılması üçün əlavə tədbirlərin görülməsinə, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına diqqəti artırmaq məqsədi ilə təşkil edilmişdir.
Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin məşğulluq məsələlərinin, onların erkən yaşda ailə qurmaları ilə bağlı problemlərin, gənclər arasında cinayət hallarının azaldılmasının, onları bu yoldan çəkindirmək üçün müxtəlif yolların axtarılmasının müzakirə edilməsidir. Diqqətə çatdırılmışdır ki, konfransda gənclərin problemləri ilə bağlı qaldırılan məsələlər Gənclər və İdman Nazirliyinə, digər dövlət orqanlarına göndəriləcəkdir.
S.Mehbalıyev demişdir ki, gənclərin işsizliklə bağlı problemləri diqqət mərkəzində olduğundan bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər dövlətin gənclər siyasətinə dair proqramlara uyğun olaraq həyata keçiriləcəkdir. Bu gün AHİK Azərbaycanda gənclər arasında peşə məktəblərinə diqqətin artırılmasını nəzərdən keçirir. Azərbaycanda hansı sənət və peşə sahələrinə ehtiyac varsa, həmin sahələr üzrə də kadrların yetişdirilməsinə diqqət artırılmalıdır. Bunun üçün texniki peşə məktəblərinin bazası möhkəmləndirilməlidir. Artıq bu istiqamətdə işlər gedir və yaxın gələcəkdə Azərbaycanda texniki peşə məktəbləri müasir standartlara uyğun qurulacaqdır.
Konfransın sonunda Respublika Komitəsində Gənclər Şurasının yaradılması ilə bağlı qətnamə qəbul edilmişdir.