BAKIDA “HÜQUQİ DÖVLƏTİN QURULMASINDA KONSTİTUSİYANIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq bildirdi ki, bugünkü tədbirdə Rusiya, Moldova, Gürcüstan, Slovakiya, Bolqarıstan konstitusiya məhkəmələrinin sədrləri, Türkiyə, Rumıniya, Ukrayna, İsrail, Almaniya, Cənubi Koreya, Norveç, Estoniya, Çexiya, Litva, Polşa konstitusiya və ali məhkəməsi hakimləri iştirak edirlər. Azərbaycanın Konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir. Venesiya Komissiyası bir sıra qanunların, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında” Qanunun hazırlanmasında öz töhfəsini vermişdir.
Müstəqillik əldə olunduqdan sonra sabitliyi və ictimai asayişi təmin etmək, vətəndaş cəmiyyəti qurmaq üçün möhkəm hüquqi bazaya tələbat duyulduğunu bildirən Fərhad Abdullayev dedi ki, belə bir sənəd 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən və yaradıcısı görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiya hər şeydən əvvəl insan hüquq və azadlıqlarına təminat verən mükəmməl hüquqi bir sənəddir. Vətəndaşın siyasi hüquqları da bu baxımdan əsas hüquq və azadlıqların mühüm tərkib hissəsini təşkil edir. Siyasi hüquqlar isə hər şeydən əvvəl vətəndaşların öz siyasi müqəddəratını təyin etməsində, yəni öz idarəetmə sistemini, siyasi rejimini təyin edən, azad seçki yolu ilə formalaşan legitim ali hakimiyyət orqanlarının formalaşmasında özünü parlaq şəkildə büruzə verir. Bu isə demokratiyanın klassik şərti olan hakimiyyətlər bölgüsü prinsipi ilə birbaşa bağlıdır.
Demokratik dəyərləri qəbul edən, azadlıq, hüquq və ədalətə əsaslanan dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının dövlətçiliyin əsaslarının yeniləşdirilməsi baxımından ilk və prioritet addımlardan biri olduğunu vurğulayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sivilizasiyalı dövlətlər ailəsinə qoşulması, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün demokratik dəyərlərin təmin olunması, əsas insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq standartlara tam cavab verən Konstitusiyamız mühüm hüquqi sənəddir.
O, Azərbaycan tarixində mühüm hadisə - müstəqil dövlətimizin Konstitusiyasının yaranmasının 10 illiyi münasibətilə keçirilən konfransın işinə uğurlar arzuladı.
Ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu mötəbər konfransın təşkilatçılarına minnətdarlıq etdilər, tədbirin əhəmiyyətini vurğuladılar. Bildirdilər ki, Azərbaycan dövlətçiliyinin inkişafında Konstitusiyamızın müstəsna rolu olmuşdur. Müstəqillik tariximizdə ilk dəfə qəbul edilən bu ali sənəd Azərbaycan dövlətinin təməli olmaqla, xalqımızın demokratiya yolu ilə inkişafını şərtləndirmişdir. Müasir Azərbaycan dövlətinin banisi ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun dünyanın mütərəqqi konstitusiyalarından biridir və təkcə bu gün üçün deyil, həm də gələcək nəsillər üçün yazılmışdır.
Konstitusiyanın dövlətçiliyimizin tarixində yeni bir səhifə açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini söyləyən natiqlər bildirdilər ki, Konstitusiya ilk dəfə olaraq hakimiyyətlərin bölgüsü prinsipini, insan hüquq və azadlıqlarının şərtsiz üstünlüyünü təsbit edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Ötən on il ərzində Konstitusiyada nəzərdə tutulmuş demokratik müddəaların həyata keçirilməsi üçün bütün sahələrdə köklü dəyişikliklər edilmiş, mükəmməl qanunvericilik bazası yaradılmış, 1500-dən çox mütərəqqi qanunlar qəbul edilmiş, köklü məhkəmə-hüquq islahatı aparılmış, hüquq sistemi beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquqlarının daha etibarlı qorunması məqsədi ilə üçpilləli məhkəmə hakimiyyəti, hüquqi dövlət üçün zəruri olan demokratik təsisatlar, o cümlədən Ombudsman təsisatı yaradılmışdır.
Xüsusi vurğulandı ki, Konstitusiyada təsbit olunmuş fikir və söz azadlığının təmin edilməsinə, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş mühüm tədbirlər nəticəsində ölkədə 2300 kütləvi informasiya vasitəsi, 50 siyasi partiya və 2000 qeyri-hökumət təşkilatı qeydiyyatdan keçmişdir.
Natiqlər konfransda müzakirə ediləcək nəzəri və təcrübi məsələlərin əhəmiyyətini bir daha vurğuladılar, demokratiyanın ən mühüm təsisatlarından olan Konstitusiyanın hər bir dövlətin həyatında çox böyük rol oynadığını və hüquqi sistemdə xüsusi yeri olduğunu xatırlatdılar. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə yaradılan bu ali sənədi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənəsinin ən yüksək nailiyyəti, ölkəmizin real suverenliyinə keçidinin təsbiti kimi dəyərləndirdilər.
Bildirildi ki, ölkəmizin çox mürəkkəb dövr yaşadığı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daxildə gedən çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran, totalitar rejimdən miras qalmış qanunlar müstəqillik əldə etmiş ölkənin inkişafı ilə ziddiyyət təşkil edirdi. Belə dövrdə ölkəmizdə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf başlandı, dövlət və insan, dövlət və cəmiyyət arasında yeni münasibətlərin əsası qoyuldu. Ötən on ildə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edir, ölkəmiz ən mötəbər beynəlxalq qurumların fəal üzvünə çevrilmişdir.
Natiqlər dedilər ki, Konstitusiyamızın iqtisadiyyatın azad inkişafına təminatı, bu istiqamətdə aparılan islahatlar nəticəsində ötən dövrdə ölkə iqtisadiyyatı dinamik inkişaf edir, bütün şəhər və rayonlarda yüzlərlə sənaye müəssisəsi, səhiyyə, təhsil, idman obyektləri istifadəyə verilmiş, orta aylıq əmək haqqı 7 dəfədən çox artmışdır. Hazırda Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada liderdir. Son iki il ərzində 300 mindən çox yeni iş yerləri açılmışdır. Dövlət büdcəsi heç bir ölkədə müşahidə olunmayan sürətli artımı sayəsində son illər ərzində 1 milyard dollardan 4 milyard dollara çatmışdır. İctimai-siyasi həyatda baş vermiş yeniliklər, sürətli inkişaf və beynəlxalq aləmə daha sıx inteqrasiya 2002-ci ildə Konstitusiyada müəyyən dəyişikliklərin aparılması zərurətini yaratdı. Bu dəyişikliklər, əsasən, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə, ölkəmizin Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması və məhkəmə islahatlarının həyata keçirilməsi ilə əlaqədar götürülən öhdəliklərə əməl olunmasına, seçki sisteminin təkmilləşdirilməsinə xidmət etmişdir. Başqa sözlə, bu dəyişikliklər Konstitusiyamızı daha da zənginləşdirmişdir.
Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, ATƏT-in Bakı ofisinin rəhbəri Mauritsio Pavezi, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Tomas Herman, Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Sərdar Özgüldür çıxış edərək, konfransın əhəmiyyəti və məqsədi barədə danışdılar, təmsil etdikləri qurumlarla ölkəmiz arasında uğurlu əməkdaşlığın yüksək səviyyədə olduğunu söylədilər. Bildirdilər ki, on il bundan əvvəl Azərbaycan Şərqi Avropa ölkələri kimi demokratik dövlət olacağını ifadə edərək, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Konstitusiyanı referendum yolu ilə qəbul etdi. Bu sənəd həqiqətən də Azərbaycanda demokratik inkişafın, insan hüquq və azadlıqlarının təminatının sağlam əsasını qoydu. Avropa təşkilatları bu sahədə yeni müstəqillik qazanmış ölkələrə köməyini və töhfəsini bundan sonra da verəcəkdir.
Azərbaycanda sabitlik yaradıldıqdan sonra Konstitusiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, onun müddəalarının icrası ilə bağlı fikirlərini açıqlayan natiqlər dedilər ki, fərdi şəxslərin hüquqlarının qorunmasının, beynəlxalq aləmdə qanunun aliliyinə hörmət prinsipinin artırılması, qəbul olunmuş qanunların icrası, insanların ləyaqətinə hörmət olunması, müstəqil məhkəmənin fəaliyyət göstərməsi demokratik cəmiyyət üçün vacib şərtlərdir.
Azərbaycanda qanun çərçivəsində məhkəmə-hüquq islahatlarının aparılmasını yüksək qiymətləndirən, son on il ərzində görülən işlər nəticəsində ölkəmizin qarşıya qoyulan məqsədlərə çatdığını vurğulayan qonaqlar söylədilər ki, indiki konfrans beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə, məhkəmələr, hüquqşünaslar arasında təcrübə mübadiləsinin artmasına kömək edəcəkdir. İnsan hüquq və azadlıqlarının qorunması, ərizə və şikayətlərə baxılması sahəsində Konstitusiya Məhkəməsi böyük işlər görmüşdür və artıq Azərbaycan vətəndaşları bu ali məhkəmə orqanına böyük inam bəsləyirlər.
Natiqlər Konstitusiyaya əsasən fərdi şikayətlərin öyrənilməsinin Konstitusiya Məhkəməsinin iş təcrübəsinə daxil edilməsini müsbət dəyərləndirdilər və dedilər ki, bu, Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərdən biridir. Son illər ərzində Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir. “Konstitusiya Məhkəməsi haqqında” Qanunda fərdi müraciətlərə baxılması məsələsinə xüsusi yer verilmişdir ki, bu da beynəlxalq öhdəliyə tamamilə uyğundur.
Fərhad Abdullayev məlumat verdi ki, bu günlərdə Konstitusiya Məhkəməsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin və ATƏT-in dəstəyi ilə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fərdi şikayətlər üzrə qərarlarının toplusu”nu Azərbaycan, rus, ingilis dillərində nəşr etdirmişdir. Bu toplu konfrans iştirakçılarının mühakiməsinə verilmişdir ki, mütəxəssislər fikir və rəylərini bildirsinlər.
Sonra Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin “Yeni demokratiya dövlətlərində konstitusiyanın inkişafı: tendensiyalar və perspektivlər”, Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Yan Mazak “Slovakiya Respublikasının Avropa İttifaqına qəbul edilməsi: hüququn aliliyinə təsiri” mövzusunda məruzələr etdilər.
X X X
Fasilədən sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “İnsan Hüquqları haqqında Avropa Konvensiyasının şərhinin prinsipləri və onların konstitusiya hüququna təsiri”, Almaniya Federal Konstitusiya Məhkəməsinin hakimi xanım Gertruda Lyubbe-Volfun “Qanun kitabda, qanun fəaliyyətdə və qanunların daha harmonik edilməsində konstitusiya ədalət mühakiməsinin rolu” mövzularında məruzələri dinlənildi.
Məruzəçilər bildirdilər ki, Avropa Şurasının Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində bir sıra seminar və konfranslar keçirilmişdir. Onlar Azərbaycan Konstitusiya Məhkəməsi haqqında qəbul olunmuş yeni qanunun müddəalarından, əsasən də vətəndaşların Konstitusiya Məhkəməsinə müraciəti ilə bağlı məsələlərdən danışdılar. Bildirildi ki, kifayət qədər təcrübəsi olan ölkələrin mütəxəssislərinin, hüquqşünaslarının konfransda iştirak etməsi əməkdaşlar üçün faydalı olacaqdır.
Məruzələr ətrafında çıxış edənlər təmsilçiləri olduqları ölkələrin təcrübəsindən söz açdılar, bir çox sahələrdə azərbaycanlı həmkarları ilə fikir mübadiləsinin genişləndirilməsinə, şikayətlər və digər məsələlərlə bağlı təcrübəni bölüşməyə hazır olduqlarını nəzərə çarpdırdılar.
Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında beynəlxalq hüquq normalarının tətbiqi vasitəsilə aliliyin təmin olunması, Azərbaycan Konstitusiyasının iqtisadi və sosial ölçüsü, hüquq dövlətçiliyi və hakimiyyət bölgüsünün konstitusion doktrinası, bir sıra Avropa dövlətləri məhkəmələrinin təcrübəsi və digər məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Konfrans noyabrın 12-də başa çatacaqdır.