Bakıda keçiriləcək polo üzrə dünya kuboku yarışına hazırlıqlar davam etdirilir
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə sentyabrın 8-10-da Bakıda FİP arena polo üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Binə qəsəbəsindəki “Elite Horse and Polo Club”da təşkil olunacaq arena polo üzrə növbəti dünya kubokunda ölkəmizi təmsil edəcək “Elite Horse and Polo Club” komandası yarışın hazırlıqlarını davam etdirir. Komandamızın heyətində Elçin Camallı (kapitan), Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov və Tərlan Qurbanəliyev yer alacaqlar.
Azərbaycan komandası yarışın hazırlıqlarına üç ay əvvəl başlayıb. ARAF-ın baş katibi Bəhruz Nəbiyev komandamızın beynəlxalq turnirə ciddi hazırlaşdıqlarını və artıq püşkün atıldığını qeyd edib. O vurğulayıb ki, artıq növbəti dəfədir ki, ölkəmizdə polo yarışları keçirilir. Bakıda keçirilmiş bu yarışlardan ən əhəmiyyətlisi 2015-ci ildə təşkil olunmuş Avropa çempionatı olub. Həmin yarışda Azərbaycan komandası qalib gəlib. Bu dünya kuboku ölkəmizdə ənənəvi olaraq keçirilir. Hər gün iki qarşılaşmanın keçirilməsi planlaşdılır. Artıq püşklər də atılıb və komandaların rəqibləri məlumdur. Azərbaycanı bu mötəbər yarışda bu il “Elite Horse And Polo Club” komandası təmsil edəcək. Dünya kubokunda, həmçinin ABŞ-ın “Grand Champions Polo Club”, İsveçrənin “Eyviva Polo Club” və Monakonun “Monte Carlo Polo Team” kimi beynəlxalq polo klublarını təmsil edən güclü komandalar mübarizə aparacaqlar.
Binə Atçılıq Mərkəzinin yardımçı arenasında keçirilən təmsilçimizin məşqlərinə komandanın yeni baş məşqçisi, argentinalı mütəxəssis Andres Laplasette rəhbərlik edir. Komandamız yarışda uğurlu və yüksək nəticə qazanmağı, azarkeşləri sevindirməyə qarşıya məqsəd kimi qoyub. Argentinalı mütəxəssis deyib: “Bu, mənim üçün dünya kubokunda ilk sınağım olacaq. Yarışda hazırlıqlar zamanı məşqçi kimi olmaqla yanaşı, həm də oyunçu kimi də meydanda komandanın heyətində oynayacağam. Doğma azarkeşlər önündə uğur qazanmaq istəyirik. Məşqlərin nəticə verəcəyini inanıram. Taktiki hazırlıqlara daha çox üstünlük veririk. Bakıda əvvəllər də, o cümlədən 2013-cü ildə polo üzrə beynəlxalq yarışda iştirak etmişəm”.
Komandamızın məşqçisi Namiq Orucov müsahibəsində məşqlərin plana uyğun getdiyini deyib: “Komandamız gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Hazırlıqlarda fiziki yükləmələrə üstünlük veririk. Məşqlərdə taktiki gedişlər, eləcə də ötürmələr üzərində iş aparılır. Komanda tam heyətlə yarışlara hazırlığı davam etdirir. Azərbaycan təmsilçisinin polo üzrə qatıldığı bütün yarışlarda məqsədi ancaq çempionluqdur. Bu yarışda ümidləri doğruldacağımıza inamımız böyükdür. Əlimizindən gələni edib qalib olmağa çalışacağıq.
Dünya kubokunda iddiaçılar sırasında olan poloçularımız uğur qazanmaq üçün var qüvvələrini ortaya qoyacaqlar. Komandamızın kapitanı Elçin Camallı qeyd edib ki, yarışda güclü komandalarla mübarizə aparacağıq. Biz də zəif komanda deyilik və onlarla mübarizə aparmağa qadirik. Yarışa gələn oyunçular əvvəlki illərdən fərqli olaraq daha güclü və peşəkardırlar. Buna baxmayaraq, biz onlarla oynamaq gücünə sahibik. Öz oyunumuzu göstərməyə çalışacağıq.
Qeyd edək ki, beynəlxalq yarış sentyabrın 8-də başlayacaq və üç gün davam edəcək. Açılış oyununda komandamızın rəqibi ABŞ-ın “Grand Champions Polo Club” komandası olacaq. Bundan bir gün əvvəl isə “JW Marriott Absheron” otelində yarışla bağlı mətbuat konfransı və komandaların təqdimatı təşkil ediləcək.
Qeyd edək ki, arena polo adi polodan həm iştirakçıların sayına, həm də meydançanın ölçüsünə görə fərqlənir. Adi poloda komandada iştirakçıların sayı dörd, arena poloda isə üçdür.
Azərbaycan dünyada polonun vətəni kimi tanınır. Son illərdə Azərbaycanın paytaxtında bir neçə uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə dünya kuboku yarışları təşkil olunub. Ötən il Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib. Həmçinin Bakının 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb.