BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 1 avqust, (AZƏRTAC). Avqustun 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 5 ton tərəvəz, 2 ton meyvə, 3,5 ton kartof, 5 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu. Yarmarkaya 250 kiloqram mal əti gətirmiş sabirabadlı Rauf Qasımov ətin 1 kiloqramını 4 manata satırdı. Fermer yarmarkaya hər həftə məhsul gətirəcəyini bildirdi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada, sözün əsl mənasında qələbəlik idi. Burada alıcıların çoxluğu yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin və çeşidinin bolluğundan xəbər verirdi. Qiymətlər bazarlarla müqayisədə 30-40 faiz, hətta bəzi məhsullar yarıbayarı ucuz idi. Burada Salyan, Astara, Qusar, Dəvəçi, Quba və digər rayonların fermer və şəxsi təsərrüfatlarından gətirilmiş mövsümi məhsullar üstünlük təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bugünkü yarmarkaya 60,4 ton məhsul gətirilmişdir. Məhsulların təqribən yarısı Salyan rayonunun payına düşür.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan 14 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 7 min ədəd yumurta gətirilmişdi. Alıcılara təklif edilən məhsulların qiyməti bazardakından 20-25 faiz ucuz idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin sözlərinə görə, meyvə-tərəvəzin, digər məhsulların keyfiyyətinə ciddi nəzarət olunur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri satışa 105 tondan çox meyvə, tərəvəz, bostan bitkiləri və digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır. Məhsullar keyfiyyətli, qiymətlər münasib olduğundan alıcıların sayı olduqca çox idi. Burada kələm, çuğundur, xiyar, soğan, kök və gavalının kiloqramı 30-40 qəpiyə və s. satılırdı. Paytaxt sakinləri Rövşən Həsənov, Fikrət Bayramov, Firəngiz Məmmədova və başqaları yarmarkaların ardıcıl təşkilinə və məhsulların ucuzluğuna görə minnətdarlıqlarını bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya şəhər sakinlərinin güclü axını var idi. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Mustafa Rüstəmov dedi ki, sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən, Lənkəran rayonlarından gətirilmiş 71 ton 900 kiloqram məhsul təklif olunur. Lənkəran fermerləri və şəxsi təsərrüfat sahibləri yarmarkaya bu gündən məhsul çıxarmışlar. Burada meyvə, bostan məhsulları çoxluq təşkil edir. Sakinlər qiyməti münasib olan kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq və göyəmi həvəslə alırlar. Mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 2 manat 50 qəpik- 3 manata, yumurtanın ədədi 6 qəpiyə, şaftalı 70-80 qəpiyə, ərik 1 manat 50 qəpiyə, lobya 40 - 60 qəpiyə, gilas növündən asılı olaraq 1 manat - 1 manat 50 qəpiyə, alma 50 qəpiyə və s. satılır. Alıcılar məhsulun çeşidinin çoxluğundan, yüksək keyfiyyət və qiymətlərin ucuzluğundan razılıq edirlər. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya isə Cəlilabad rayonunun fermerləri 6 ton 500 kiloqram məhsul gətirmişlər. Hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa Ağsu və Qazax rayonlarından gətirilmiş kələm, soğan, pomidor, qarpız, badımcan, kartof, lobya və digər məhsullar çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün şəhər sakinlərinə 21 tondan çox məhsul təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları satırdılar. Həmin məhsullar həm də keyfiyyəti ilə fərqlənirdi.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər və İmişli rayonlarından 34,2 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, satışa həm də 400 litr süd, 700 kiloqram ət, Goradil və Siyəzən broyler fabriklərindən gətirilmiş 20 min ədəd yumurta çıxarılmışdır. Sakinlərə müxtəlif quru meyvələr, arıçılıq məhsulları da təklif olunur.
Xaçmaz rayonundan gəlmiş Nəsibə Cəbrayılova bildirdi ki, yarmarkaya 4 tona yaxın meyvə və tərəvəz məhsulları, o cümlədən 1 ton pomidor, 1,5 ton şaftalı, 0,2 ton gilas, 0,5 ton gavalı gətirmişdir.
######
![]() |
![]() |

