BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 8 avqust, (AZƏRTAC). Avqustun 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada əhaliyə 15 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 4,5 ton tərəvəz, 3,5 ton kartof, 2,5 ton meyvə, 4 min ədəd yumurta, 40 kiloqram bal təklif edilirdi. Gədəbəyli Arzu Tanrıquliyev yarmarkaya 2 tondan çox meyvə, bal, pendir və kartof çıxarmışdı. Məhsulları münasib qiymətə satan fermer deyir ki, hər həftə buraya məhsul gətirir və yaradılmış şəraitdən razıdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 25-30 faiz aşağı olduğu üçün paytaxt sakinləri gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə ala bilirlər.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdi. Qiymətlər bazarlarla müqayisədə 30-40 faiz, hətta bəzi məhsullar üzrə yarıbayarı ucuz idi
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bugünkü yarmarkaya Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri 67,4 ton məhsul gətirmişlər. Hər həftə olduğu kimi, bu dəfə də Salyan rayonu birinciliyi qoruyub saxlayır: yarmakaya gətirilən məhsulların təqribən yarısı bu rayonun payına düşür.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 115 tondan çox meyvə-tərəvəz, kartof, ət və digər məhsullar çıxarılmışdır. Alıcıların çoxluğunun əsas səbəbi burada qiymətlərin bazarlardakından ucuz olmasıdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya şəhər sakinlərinin güclü axını müşahidə olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, burada sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən, Lənkəran rayonlarından gətirilmiş 68 ton 600 kiloqram məhsul təklif olunur. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm çoxluq təşkil edir. Yarmarkada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 2 manat 50 qəpik-3 manata, yumurta 6 qəpiyə, şaftalı 70 qəpik - 1 manata, ərik 1 manat 50 qəpiyə, lobya 40 - 60 qəpiyə, növündən asılı olaraq gilas 1- 2 manata, alma 50 qəpik - 1 manata, xiyar, pomidor və badımcan isə 30 - 50 qəpik arasında satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri şəhər sakinlərinə 6 ton 200 kiloqram məhsul təklif edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya fermerlər müxtəlif çeşiddə meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarmışdılar. Həmin məhsullar alıcılara ucuz qiymətlərə təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün Ağsu və Qazax rayonlarından yarmarkaya 22 tonadək pomidor, kartof, qarpız, lobya, badımcan, kələm və digər məhsullar gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada satışa Ağstafa, Bərdə və Goranboylu fermerlər bazardakından 20-25 faiz ucuz qiymətlərə meyvə-tərəvəz çıxarılmışdı.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər və İmişli rayonlarından 38,6 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Goradil, Giləzi və Siyəzən broyler fabriklərinin nümayəndələri alıcılara 20 min ədəd yumurta, 200 kiloqram quş əti təklif edirlər. Yarmarkada süd, təzə mal və qoyun əti, quru meyvələr, arıçılıq məhsulları da satılır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulların keyfiyyətinə, qiymətinə və göstərilən xidmətin səviyyəsinə nəzarət edirdilər.
######
![]() |
![]() |

