Bakıda Küveytin milli bayramı qeyd edilib
Bakı, 24 fevral AZƏRTAC
Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - dövlət müstəqilliyinin 55-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 25-ci ildönümünə həsr olunduğunu bildirib.
Səfir ölkəsinin keçdiyi inkişaf yolundan söhbət açıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan hökuməti adından təbrik edib, xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir dost ölkənin Azərbaycan ilə ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin hər il artdığını söyləyən nazir vurğulayıb ki, münasibətlərimiz getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.