BAKIDA “MÜASİR GENETİKANIN İNKİŞAFINDA SOSİAL VƏ ETİK ASPEKTLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Azərbaycan, Pakistan, İran, Malayziya, Qırğızıstan və digər ölkələrin tanınmış alim və mütəxəssislərinin, təhsil işçilərinin və xarici dövlətlərin respublikamızdakı diplomatik korpusu nümayəndələrinin iştirak etdiyi seminarda təhsil nazirinin müavini Elmar Qasımov xalqımızın ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafında və onun dünya təhsil sisteminə inteqrasiya olunmasında misilsiz xidmətlərindən danışmış, ulu öndərimizin siyasi xəttinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
50–dən artıq islam ölkəsini birləşdirən elm, təhsil, mədəniyyət təşkilatı olan İSESKO–nun Tehrandakı regional nümayəndəliyinin direktoru doktor Abbas Sədri, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev tədbirin əhəmiyyətini nəzərə çarpdırmış, seminar iştirakçılarına uğurlar arzulamışlar.
Sonra Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin dekanı, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyevin “ İslamda bioetika məsələləri”, akademik Urxan Ələkbərovun “Genetik risklər: qiymətləndirmə və idarəetmə” mövzularında məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Seminar noyabrın 16-dək davam edəcəkdir.