Bakıda “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Bakıda "Ölümə qənşər-2" bədii sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ekran əsəri “Vətəndaşların Sosial Rifahinin Gücləndirilməsinə Dəstək” (VSRGD) İctimai Birliyinin (İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Təqdimat mərasimində filmin qəhrəmanı və yaxınları, hərbçilər, şahid ailələri ilə yanaşı bir sıra rəsmilər və QHT rəhbərlərı da iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra VSRGD İB-nin sədri Venera Əsgərova filmin hazırlanma prosesindən danışıb. O, bildirib ki, rəhbərlik etdiyi İctimai Birlik qəhrəmanlarımızın təbliği istiqamətində işləri davam etdirəcək.
Tədbirdə şəhid İbrahim Sadıqlının atası Şahin Sadıqov, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva və digər çıxış edənlər qəhrəmanların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində görülən işlərin vacibliyini qeyd ediblər.
Sonra film nümayiş olunub.
Ekran əsəri Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Qamət İnşallahlının döyüş yolundan və ailəsindən bəhs edir. Obrazları N saylı komando birliyinin mənsubları canlandırıblar. Film Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi, Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində lentə alınıb.
Qamet İnşallahlı mülkü həyata döndükdən sonra da azad olunan torpaqlarımızda hərbi xidmətdə olduğu kimi, qorxmadan ölümün gözünə dik baxaraq "Azərişıq” ASC-nin elektrik ustası vəzifəsində çalışır.
Qeyd edək ki, "Ölümə qənşər-2" bədii-sənədli filminin təqdimatı daha əvvəl Füzuli rayonu, Horadiz şəhərində keçirilib.