BAKIDA “SƏRHƏD TƏHLÜKƏSİZLİYİNƏ NƏZARƏT” KURSU AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 15-də Bakıda, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Türkiyə Respublikası Silahlı Qüvvələri Təlim Mərkəzinin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində təşkil etdiyi “Sərhəd təhlükəsizliyinə nəzarət” mövzusunda kursun açılışı olmuşdur.Mərkəzin rəisi, polkovnik Lənkəran Əliyev beş gün davam edəcək kursun əhəmiyyətindən danışmışdır.Müdafiə Nazirliyi adından iştirakçıları salamlayan general-mayor Məmməd Beydullayev demişdir ki, dost və qardaş ölkənin mobil təlim qrupu tərəfindən keçirilən bu tədbirə ölkəmizin Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Gömrük Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları qatılmışlar. Qrupun tərkibinə Türkiyə Quru Qoşunlarının və Baş Polis İdarəsinin nümayəndələri daxildir. Bu kursun yüksək səviyyədə başa çatması üçün hər cür şərait yaradılmışdır. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi Ömər Bayraqlı çıxış edərək, dünyada terrorizmin və insan qaçaqmalçılığının geniş vüsət aldığını diqqətə çatdırmış və demişdir ki, Azərbaycanda beynəlxalq terrorizmə qarşı aparılan mübarizə Türkiyə tərəfindən tam dəstəklənir və bunun üçün istənilən kömək göstərməyə hazırıq. Azərbaycan hərbçilərinin Kosovoda, Əfqanıstan və İraqda sülhməramlı missiyaları layiqincə yerinə yetirdiklərini, Qafqazda möhkəm sülhün və təhlükəsizliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişinin həllindən sonra mümkün olacağını vurğulayan hərbi attaşe bu fikri Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin hələ 1997-ci ildə Madriddə Şimali Atlantika Alyansının mötəbər görüşlərində dünya ictimaiyyətinin diqqətinə çatdırdığını xatırlatmışdır. Türkiyə Silahlı Qüvvələri Təlim Mərkəzinin rəisi Turqay Bakkal və Mobil Təlim Qrupunun əməkdaşları belə tədbirlərin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirak edən bir neçə tərəfdaş dövlətdə keçiriləcəyini vurğulamış və bildirmişlər ki, bundan əvvəl Gürcüstanda, hazırda Azərbaycanda və aprelin 16-dək isə Ukrayna, Rumıniya, Albaniya, Makedoniyada təşkil olunacaqdır. Eyni zamanda, bu tədbirin iyulun 5-dən 30-dək Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldovada keçirilməsi nəzərdə tutulmuşdur. Kursun əsas məqsədi “Beynəlxalq təhlükəsizlik sistemi”, “Sərhəd bölmə komandirlərinin vəzifəsi, səlahiyyətləri və cavabdehlikləri”, “Sərhəd qoşunlarının vəzifələri”, “Sərhədin pozulmasına qarşı tədbirlər”, “Döyüş qaydaları”, “Narkotik maddə, insan orqanları və silah qaçaqmalçılığı”, “Qaçqınlara nəzarət və onların təhlükəsizliyi”, “Beynəlxalq terrorizm” və s. mövzularda taqım-tabur səviyyəsində komandir heyətinə anlayış vermək, həmçinin xəritə təlimi keçməkdir.