Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans keçirilir
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən bu tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universiteti tərəfindən təşkil olunub. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konfransda tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.
Konfransda səhiyyə naziri Teymur Musayev tibb təhsili üzrə beynəlxalq reytinqlərdə ön sıralarda yer tutan nüfuzlu təhsil müəssisələrinin elm insanlarını Bakıda bir arada görməkdən məmnunluq duyduğunu bildirib: “2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində minlərlə azərbaycanlı gənc prioritet sahələrdə təhsil almaq imkanı əldə edib. Ölkə hüdudlarından kənarda təhsil alan mütəxəssislər vətənə geri dönərək səhiyyənin inkişafına əməli töhfələr verirlər. Dövlət proqramının uğurlu nəticələri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-2023-cü illər üçün xaricdə doktorantura səviyyəsində təhsil üzrə növbəti proqramın icrasına başlanılmasına əsas verib”.
Nazir qeyd edib ki, hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı həyata keçirilir. Milli kadrların hazırlanmasına yönələn siyasət bu gün də davam edir. ATU ölkənin səhiyyə müəssisələri üçün yüksək bilikli kadrlar yetişdirir. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə yeni ixtisas üzrə qəbul həyata keçirilir. Tibb təhsilində yeni yanaşmaların olmasının hər zaman labüd olduğunu bildirən T.Musayev: “Pandemiya şəraiti bu işi daha da sürətləndirdi. Onlayn təhsilin genişləndirilməsi nəzərə alınaraq akkreditasiya meyarlarının təkmilləşdirilməsinə ehtiyac var”, - deyə bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev isə ölkədə tibb sahəsi üzrə proqramların təkmilləşdirilməsinin, təcrübə hissəsinin artırılmasının, eyni zamanda, tibb təhsili coğrafiyasının genişlənməsinin vacibliyini vurğulayıb: “Bu günədək tibb təhsili sahəsində bir sıra nailiyyətlər əldə edilib və bu davam etməlidir. Həkimlik ixtisasını seçənlər ən yüksək nəticə göstərənlərdir. Rəqəmsal və texnologiya baxımından əvvəlki illərin həkimi ilə indikilər arasında ciddi fərq olacaq”.
Nazir azad edilən ərazilərdə yaradılacaq Qarabağ Universitetinin konseptinin hazırlandığını da bildirib: “Universitetin binası Ağdamda inşa ediləcək. İstərdik ki, orada da tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransın Heydər Əliyev ilinə təsadüf etməsi qürurvericidir. “Konfrans innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacaq. Bu, tibb təhsilinin davamlı təkmilləşdirilməsi və inkişafı mədəniyyətini təşviq etməklə, müəllimlər və tələbələr kimi rollarımız haqqında düşünmək üçün bir fürsətdir. Effektiv tədris metodologiyaları, texnologiya inteqrasiyası və inkişaf edən tibb təhsili mənzərəsi haqqında anlayışımızı genişləndirmək üçün konfrans çərçivəsində sessiyalar, seminarlar və müzakirələr keçiriləcək”, - deyə rektor vurğulayıb.
Dünya Tibb Təhsili Federasiyanın (World Federation of Medical Education, WFME) prezidenti, professor Rikardo Leon-Borkes Bakıda ilk dəfə keçirilən ICME konfransının tibb təhsili sahəsində dünyaşöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etmək məqsədilə yaradıldığını qeyd edib. Qonaq bu toplantının bilik və təcrübə mübadiləsi aparmaq, dünyanın fərqli ölkələrindən olan təmsilçilərlə əməkdaşlıq qurmaq üçün əla imkan yaratdığını bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti professor İsmayıl İbrahim Matalka tədbirin tibb təhsili sahəsindəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu bildirib.
Sonra Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti professor Azhar Raşid çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Sonra tanınmış tədqiqatçı Fuad Axundov “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimat keçirib. Açılış mərasimi Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Ərəblinin “Qarabağ” şikəstəsinin ifası ilə başa çatıb.
Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək. Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri səsləndiriləcək, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl və yeni yanaşmaları və təcrübələr təqdim olunacaq.
Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Əbu-Dabi, Mavrikiy, İstanbul, Ottava və İslamabadda keçirilib. Bundan öncə konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ilə birgə virtual formatda təşkil olunub.