BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BİRİNCİ BEYNƏLXALQ VOLEYBOL TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Bakıda ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq voleybol turniri start götürmüşdür.
Yarışdan əvvəl turnirin iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Daha sonra yarış iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər qoymuşlar.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışların açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilmişdir. Sonra ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov idmançıları salamlayaraq, ulu öndərin xatirəsinə həsr olunan turnirdə komandalara rəqabətlə dolu mübarizə, meydanda qələbə sevinci arzulamışdır. O demişdir ki, artıq respublikamız bu cür mötəbər yarışları keçirməkdə böyük təcrübə qazanmışdır. Hazırda ölkəmizdə idman yüksək inkişaf dövrünü yaşayır. İdmançılarımız nüfuzlu beynəlxalq yarışlarda layiqli qələbələr əldə edir, idmanımızın maddi-texniki bazası genişlənir, digər dövlətlərlə əlaqələr daha da möhkəmlənir. Azərbaycan idmançılarının bugünkü uğurları xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi insanın diqqət və qayğısı Azərbaycan idmanını yüksək səviyyəyə qaldırmışdır. Ulu öndərimizin idmanla bağlı arzuları bu gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində həyata keçirilir. Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycan voleybolçuları son illər yüksək nəticələrə imza atmış, komandamız dünyanın sayılıb-seçilən kollektivlərindən birinə çevrilmişdir. Mən bir daha bütün yarış iştirakçılarını salamlayır və hamınıza məzmunlu oyun nümayiş etdirməyi arzulayıram.
Salonda Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Avropa Voleybol Konfederasiyasının və Azərbaycan Voleybol Federasiyasının bayraqları qaldırılmışdır.
Azərbaycan yığma komandasının və “Azərreyl” klubunun sabiq voleybolçusu Alla Həsənovaya böyük idmanda çıxışını başa vurması münasibətilə Azərbaycan Voleybol Federasiyasının xüsusi hədiyyəsi təqdim olunmuşdur.
Yarışlarda qonaq kimi iştirak edən Azərbaycanın veteran voleybolçusu, SSRİ yığmasının heyətində iki dəfə Olimpiya və dünya çempionu, dörd dəfə Avropa çempionu olmuş İnna Rıskala Moskvada yaşayan həmyerlimiz, iş adamı Araz Ağalarovun adından minik avtomobilinin açarı təqdim edilmişdir.
İnna Rıskal turnirə dəvət olunduğuna görə minnətdarlığını bildirmişdir. O demişdir ki, mənim üçün Heydər Əliyev kimi əfsanəvi insanın xatirəsinə həsr olunmuş turnirdə iştirak etmək böyük şərəfdir. Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olmuşdur. Mən istərdim ki, bu turnir ənənəvi hal alsın, çünki Heydər Əliyev kimi dahi insanı unutmaq olmaz. Ümummilli lider indiyədək Azərbaycan tarixinin yetişdirdiyi ən görkəmli, ən dahi şəxsiyyətdir.
Azərbaycan Voleybol Federasiyası adından iştirakçı komandaların kapitanlarına xüsusi hədiyyələr təqdim olunduqdan sonra ulu öndərin həyatını əks etdirən qısametrajlı film nümayiş etdirilmişdir.
Açılış mərasimi incəsənət ustalarının çıxışı ilə başa çatmışdır.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 komanda - Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, Bolqarıstan və Yunanıstan yığmaları mübarizəyə qoşulmuşdur.
Günün sonuncu qarşılaşmasında meydançaya Azərbaycan və Yunanıstan yığma komandaları çıxmışlar. Əvvəldən axıradək Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən görüşdə komandamız 3:0 hesabı ilə inamlı qələbə qazanmışdır.
Bolqarıstan millisi İsraili 3:0, Türkiyə voleybolçuları isə Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub etmişlər.
Avqustun 21-də Azərbaycan millisi Ukrayna voleybolçuları ilə görüşəcəkdir.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaqdır.