BAKIDA “XƏZƏRDƏNİZNEFTQAZYATAQ-2006” 7-Cİ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLİR
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini andılar, qəbri üstünə gül dəstələri düzdülər.
Nümayəndələr ölkəmizdə və onun hüdudlarından kənarda da neft və qaz yataqlarının texnologiyası üzrə bir çox fundamental elmi istiqamətlərin müəllifi, akademik Azad Mirzəcanzadənin məzarı üzərinə də əklil qoydular, dünya şöhrətli alimin xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, “Neftin və qazın geotexniki problemləri və kimya” ETİ Beynəlxalq Şərq Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları hotelin foyesində görkəmli alim A.Mirzəcanzadənin ömür yoluna həsr edilmiş fotosərgiyə baxdılar.
Tədbirin əvvəlində bundan qabaq keçirilmiş altı konfransın əsas təşkilatçısı olmuş akademik Azad Mirzəcanzadənin xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Rusiya, Böyük Britaniya, Ukrayna və bir sıra digər xarici ölkələrin tanınmış neftçi alim və mütəxəssisləri məruzə və çıxışlarında hər biri yüksək dəyərə malik 150-dən çox elmi əsərin, 500-dən artıq elmi məqalənin, 50-dən çox patent və ixtiranın müəllifi olan böyük alim və ictimai xadim, mərhum akademik Azad Mirzəcanzadənin mənalı ömür yolundan, bütün dünyada neft-qaz çıxarma elminə verdiyi əvəzsiz töhfələrdən danışdılar, onun təkcə Azərbaycan və keçmiş SSRİ məkanında deyil, həm də neft-qaz hasilatı ilə məşğul olan əksər dövlətlərdə də nüfuzlu bir alim və şəxsiyyət kimi yaxşı tanındığını konkret faktlarla bildirdilər. Azərbaycanın bütün dünyada həm də neftin geologiyası, geofizikası sahəsi üzrə lider elmi mərkəzə çevrilməsində, ilk dəfə olaraq bizim ölkəmizdə açıq dənizdə - Neft daşlarında neftçıxarmanın uğurla reallaşmasında, elmi-texniki tərəqqinin son nailiyyətlərindən olan nanotexnologiyanın kəşfi və tətbiqində akademik A.Mirzəcanzadənin xüsusi xidmətləri olduğu vurğulandı.
“Cənubi Xəzər hövzəsində karbohidrogen potensialı və bu potensialın kəşfində qarşıya çıxan problemlər”, “Geologiya, geofizika və qazma”, “Neft və qazın nəqli, neft mədən qurğuları və avadanlığı”, “Neft və qaz yataqlarının işlənilməsi-hasilat” bölmələrində işini davam etdirən beynəlxalq konfransda məruzələr dinlənildi, sahənin elmi-praktik əsasları ətrafında geniş müzakirələr, fikir və təcrübə mübadiləsi aparıldı. Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, hazırda Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam və inkişaf etdirdiyi yeni dövlət neft strategiyasının həyata keçirilməsində, bütün dünyada alternativi olmayan iqtisadi tərəqqinin əldə olunmasında qazanılmış müvəffəqiyyətlər, o cümlədən neft-qaz yataqlarının elmi əsaslar üzərində işlənməsi sahəsində görülən işlər barədə xarici ölkələrdən gəlmiş alim və mütəxəssislərə ətraflı məlumat verildi.
Konfrans oktyabrın 26-da öz işini davam etdirmişdir.