Bakıda “XXI əsrdə məktəb yaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “XXI əsrdə məktəb yaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərin sağlamlığının qorunması istiqamətində uşaqlar, müəllimlər və valideynlər üçün maarifləndirici www.saglamusaq.az portalı və portalın əsasında eyniadlı mobil əlavə hazırlanıb.
Konfransda çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Nigar Nəzərli bildirib ki, uşaqlar oturaq həyat tərzi, rəqəmsal texnologiyaların təsiri kimi bir sıra problemlərlə daim üzləşir. Gələcək nəslin sağlamlığını və rifahını möhkəmləndirmək üçün yeni yanaşmalar və resurslar tətbiq etməklə bu dəyişikliklərlə uyğunlaşmağı bacarmalıyıq. Bura aktiv fiziki fəaliyyət üçün şəraitin yaradılması, rəqəmsal dünyanı idarə edilməsi üçün praktiki bacarıqların formalaşdırılması məsələlərini daxil etmək gərəkdir.
O bildirib ki, uşaqların sağlamlığını təmin etmək sosial məsuliyyətimizin tərkib hissəsidir. Müasir cəmiyyətdə sürətli texnoloji inkişaf və həyat tərzinin dəyişməsi nəticəsində yeni yaranan çağırışlarla qarşılaşırıq.
“Hər birimiz bilirik ki, uşaqların sağlamlığı onların təhsili ilə ayrılmaz şəkildə bağlıdır. Məhz buna görə də ölkəmizdə məktəblilərin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş müasir layihələr fəal şəkildə tətbiq edilir. Təhsil müəssisələrində innovativ metodlar, sosial proqramlar tətbiq edərək həm də uşaqların psixoloji sağlamlığına diqqət yetiririk”, - deyə N.Nəzərli əlavə edib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, TƏBİB-in aparıcı-məsləhətçisi Səkinə Əzizli, Milli Məclisin deputatı Müşfiq Məmmədli konfransın mühüm əhəmiyyətindən danışaraq bildiriblər ki, Azərbaycanda güclü ailə münasibətlərinin olması sağlamlığa müsbət münasibətləri təşviq etmək, uşaqlarda və gənclərdə bütün ətraf mühitin mənfi elementlərinə davamlılığı inkişaf etdirmək və gücləndirmək potensialını yaradır.
Konfransda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev “Məktəbli sağlamlığının aspektləri (COSİ tədqiqatı)”, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Məktəblilərin sağlamlığının qorunması, sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, “Sağlam uşaq” internet portalının və eyniadlı mobil əlavənin təqdimatı”, ATU-nun Uşaq və yeniyetmələrin sağlamlığa və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva “Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, profilaktik yanaşmalar” mövzularında təqdimatla çıxış ediblər.
Portalın və mobil əlavənin təqdimatı, həmçinin uşaqların sağlamlığının mühüm aspektlərinin müzakirəsi məqsədilə keçirilən konfrans məruzələrin dinlənilməsi, sual-cavab və müzakirələrlə davam etdirilib.