Bakıdakı Rus evi Turgenevin “Xatirə saatı” fləş-mobuna qoşulub
Bakı, 4 sentyabr, AZƏRTAC
Rus yazıçısı İvan Sergeyeviç Turgenevin Rusiyanın Oryol şəhərində keçirilən “Xatirə saatında” “Və qarşında mənim surətim canlanacaq...” adlı fləş-mob olub. Layihənin təşkilatçısı İ.S.Turgenevin ev-muzeyidir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihədə “Spassk-Lutovinovo” qoruğunun əməkdaşları, habelə Turgenevin Rusiyadakı ən yeni muzeyi - Ostojenkadakı evi, Bakıdakı Rus evi, “Rossotrudniçestvo”nun Özbəkistandakı nümayəndəliyi, Rus Ədəbiyyatı İnstitutu, Peterburqdakı məşhur Puşkin evi, İ.S.Turgenev adına Kitabxana-Qiraətxana iştirak ediblər.
Tədbirdə Turgenevin adının əziz olduğu müxtəlif ölkə və şəhərlərin təmsilçiləri böyük yazıçının əsərlərindən parçalar oxuyub, musiqi nömrələri ifa ediblər, aparıcılar isə yazıçının həyatından maraqlı məqamlardan danışıblar.
Bakı Kitab Klubu da layihəyə qoşulub və xatirə günündə İ.S.Turgenevin “Atalar və oğullar” əsərinin müzakirəsini təşkil edib.