Bakıdakı Rus evində Sergey Raxmaninovun 150 illiyi şərəfinə konsert təşkil olunub
Bakı, 25 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində dahi rus bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, təntənəli tədbirdə Rusiyanın musiqi dahisinin vokal və instrumental, solo, ansambl və xor əsərləri səsləndirilib.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov tədbirə toplaşanları salamlayıb. Aparıcı və tədbirin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina bəstəkarın həyat yaradıcılığından maraqlı faktları dinləyicilərlə bölüşüb.
S.Raxmaninovun tanınmış əsərləri xormeyster, Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Müqəddəs Mixail Arxangel Kilsəsi xorunun, beynəlxalq müsabiqələr laureatları, BMA-nın professorları Könül Hüseynovanın, Azərbaycanın Əməkdar artisti Nigar Məlikovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəriman Əliyevin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Yuliya Heydərova və Firuz Məmmədovun, BMA-nın baş müəllimi Lalə Muxtarovanın, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor kapellasının solistləri Kamilla İmanova və Əlyar Əliyevin, beynəlxalq müsabiqələr laureatı Emil Malıqinin, BMA-nın məzunu Əminat Əhmədovanın, eləcə də İnarə Əzimova və Larisa Zairbəyovanın ifalarında səsləndirilib.