“Baku Guide” bələdçi kataloqunun sentyabr nömrəsi çapdan çıxıb
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakı haqqında hər şey” (“All about Baku”) konseptində hazırlanan nəşrin sentyabr buraxılışında da Azərbaycan, ingilis və rus dillərində rəngarəng materiallar yer alıb.
Budəfəki buraxılışda Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar, ünvan və əlaqə telefonları əksini tapıb.
Bələdçi kataloqunda teatr və konsert salonlarının sentyabr ayı üçün repertuarı, “Park Cinema”da nümayiş olunacaq ən populyar filmlərin afişası da yer alıb. Turistlər üçün maraq kəsb edəcək bir çox əlamətdar, tarixi hadisələr və günlər də jurnalın diqqətindən yayınmayıb. Eyni zamanda, nəşrdə sentyabrda gənclər və aktiv turistlər üçün nəzərdə tutulan tədbirlər, Şəkidə keçiriləcək teatr festivalı barədə məlumatlar da öz əksini tapıb.
Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılıb. “Bakını “City sightseeng”lə kəşf edin”, “Bakıdan xatirə”, turizm agentləri, aviakassalar, hava yolları, kənd turizmi bölmələri də paytaxtımıza təşrif buyuran qonaqlar üçün mühüm informasiya mənbəyidir. Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda yer alıb.