Balakəndə “20 Yanvar qürur və məğrurluq günümüzdür” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Balakən, 16 yanvar (AZƏRTAC). Balakəndə 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər bir neçə gündür davam edir. Ümumrayon tədbirlər planına uyğun olaraq hazırda Balakənin idarə, müəssisə və təşkilatlarında, mədəniyyət ocaqlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, konfranslar, xatirə gecələri keçirilir, sərgilər təşkil olunur. Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində inşa yazı və rəsm müsabiqələri başlamışdır.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da YAP rayon təşkilatının konfrans zalında “20 Yanvar qürur və məğrurluq günümüzdür” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Rayon rəhbərliyinin, YAP rayon təşkilatı fəallarının, ziyalıların, ağsaqqalların və gənclərin iştirak etdikləri tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, imperiya qüvvələrinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi vandalizm, terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
“Dəyirmi masa”da rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev, II qrup Qarabağ müharibəsi əlili Cavanşir İsmayılov və başqaları çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]