BALAKƏNDƏ MİLLİ QURTULUŞ GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra Mahamalar kəndində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq inşa edilmiş 480 yerlik yeni orta məktəb binasının təməlqoyma mərasimi olmuşdur.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı Asif Məmmədovun “Böyük qurtuluş” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınmış, məhz dahi rəhbərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu və Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən qurtulduğu xüsusi vurğulanmışdır. İcra başçısı bildirmişdir ki, respublikamız vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən ümummilli liderimiz çox çətin və məsuliyyətli bir vəzifəni öz üzərinə götürərək ölkəmizi xaosdan, sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən qurtarmış, Azərbaycanın gələcək inkişafının təməlini qoymuşdur.
Çıxışlarda görkəmli dövlət xadimi, dünya şöhrətli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilmiş, ümummilli liderimizin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.