Balakəndə şəhidlərin xatirəsinə həsr edilən voleybol üzrə rayon turnirinə start verilib VİDEO
Balakən, 24 aprel, AZƏRTAC
Bu gün Balakən rayonunda şəhidlərin xatirəsinə həsr edilmiş voleybol üzrə bələdiyyə və təşkilatlar arasında rayon turnirinə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Turnir Balakən Rayon İcra Hakimiyyəti, Balakən rayonu üzrə gənclər və idman və təhsil sektorlarının, rayon Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilir.
Şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi turnirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək şəhidlərin, şəhid ailələrinin bizim üçün ən ali dəyər olduğunu vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Bildirilib ki, belə turnirlərin keçirilməsinin məqsədi şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını gənc nəslə çatdırmaqla yanaşı, sağlam həyat tərzinin təbliği, komanda ruhunun inkişaf etdirilməsi və iştirakçıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Digər çıxış edənlər, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru vəzifəsini müvəqqəti icra edən Sarxan Hacıyev, şəhid valideynləri Aynur Bayramova, Şəmsəddin Tuhumov keçirilən turniri şəhidlərimizin xatirəsinə olan sonsuz ehtiramın ifadəsi kimi dəyərləndiriblər.
20 komandanın qatıldığı turnirin ilk oyununda Qazma bələdiyyəsi ilə Balakən şəhər bələdiyyəsinin komandaları qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Qazma bələdiyyəsinin komandası qalib olub.
Sonda Balakən Olimpiya Kompleksində şəhid ailələri üçün çay süfrəsi təşkil olunub, turnirin təşkilinin əhəmiyyətindən danışılıb.
Müxbir - Rasim İslamoğlu