Balakəndə Ulu Öndərə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib
Balakən, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Balakən rayonunda məktəb komandaları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual liqa yarışlarına yekun vurulub. Rayon Gənclər və İdman İdarəsi, Təhsil sektoru və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə fevralın 6-dan start verilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan intellektual yarışda ümumtəhsil məktəblərini təmsil edən 8 komanda mübarizə aparıb. Komandaların hər birinin tərkibinə 6 məktəbli daxil edilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, intellektual yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin Ümummilli Liderin həyat və fəaliyyəti, xalq və Vətən qarşısındakı xidmətləri barədə məlumatlılığını artırmaq, onların intellektual potensialını yüksəltmək olub.
Yekun nəticələrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Balakən Humanitar və Texniki Təmayüllü Liseyin komandası intellektual yarışın qalibi adını qazanıb. Balakən şəhər 1 nömrəli və Qaravəli kənd 1 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
İntellektual yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.