Balakəndə xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət gücləndirilib
Balakən, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə martın 31-də rayon rəhbərliyinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Balakən şəhərində növbəti reyd keçirilib.
Reyd zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.