Balaxanıda yuma və dezinfeksiya məntəqəsi açılmışdır
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda tullantı daşıyan maşınlar üçün yuma və dezinfeksiya məntəqəsi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə bildirilmişdir ki, son illər Azərbaycan hökuməti tərəfindən tullantıların idarə olunması sahəsində mühüm işlər görülür. Balaxanı poliqonunda yuma və dezinfeksiya məntəqəsinin yaradılması da bu işlərin davamıdır. Beynəlxalq standartlara cavab verən 4 yuma kabinəsində gündə 400-dən çox maşına xidmət göstəriləcəkdir.
Qeyd olunmuşdur ki, sağlamlıq və təhlükəsizlik standartlarına cavab verən məntəqə Almaniyanın tanınmış “Christ” şirkətinin yuma avadanlığı ilə təchiz edilmişdir. Məntəqədə maşınların yuyulmasında bakteriya və virusları zərərsizləşdirmək üçün tərkibində xlor olmayan maddələr işlədiləcəkdir. Yuma zamanı su bir neçə mərhələdə təmizlənərək yenidən istifadə olunacaqdır.
Sonra tədbir iştirakçıları Balaxanı bərk məişət tullantılarının yarımavtomatik çeşidlənməsi zavodunun tikintisi ilə tanış olmuşlar.
“Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, zavodun işə düşməsi ölkədə təkrar emalın genişləndirilməsində əhəmiyyətli olacaqdır. İllik gücü 200 min ton olacaq zavodda təkrar emal üçün yararlı kağız, şüşə, əlvan metal, dəmir və digər xammallar çeşidlənəcəkdir. Bu, tullantıların ümumi həcmini azaldacaq, ucuz xammal bazarı formalaşdıracaqdır. Tullantıların çeşidlənməsi enerjiyə qənaət etməyə imkan verəcək və ətraf mühitə mənfi təsirləri azaldacaqdır.
Tədbir iştirakçılarına Balaxanı poliqonu ərazisində aparılan abadlıq işləri barədə də məlumat verilmişdir.