BANM-də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbirdə “ANS Şirkətlər Qrupu”nun sifarişi ilə, bu qurumun prezidenti Vahid Mustafayevin rejissorluğu və ssenarisi əsasında ekranlaşdırılmış “Qanlı Yanvar” bədii filminin yaradıcı heyəti də iştirak edib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açıb, 20 Yanvarın əslində xalqımızın igidlik, mübarizlik və şücaətlərlə dolu qəhrəmanlıq günü olduğunu bildirib. Həmin dövrdəki ictimai-siyasi ab-havadan söz açan rektor Azərbaycanın milli azadlıq mübarizəsi və müstəqillik yolunda qurban gedən şəhidlərin ölməzliyə qovuşduğunu bildirib. O, igid oğul və qızlarımızın qanı bahasına qazanılan, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, hazırda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanmasının vacibliyini vurğulayıb.
“Qanlı Yanvar” bədii filmi haqqında danışan E.Qasımov bu ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını deyib. O, Azərbaycan xalqının qan yaddaşında unudulmayan iz buraxan hadisənin dünya ictimaiyyətinə çatdırılmasının çox vacib olduğunu qeyd edib, filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Baş rolların ifaçılarına hədiyyələr təqdim olunub.
Filmdə əsas rolları ifa edən aktyorlar - Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova filmin nümayişi üçün yaradılan şəraitə görə təşəkkür edib, tariximizin şanlı səhifələrinin gənc nəslə tanıdılmasında və gənclərin milli vətənpərvərlik ruhunda formalaşmasında bu ekran əsərinin mühüm rol oynayacağına əminliklərini bildiriblər.
Sonra “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.