İDMAN
Baş katib: Gələcəkdə cüdo məşqçiliyi ilə bağlı daha böyük layihələr həyata keçiriləcək
Bakı, 5 fevral, AZƏRTAC
Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının məşqçilik və sertifikat proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə milli komandaların təlim-məşq mərkəzində baş tutan tədbirdə ACF rəsmiləri və MOK-un rəsmi nümayəndələri, eləcə də xarici ekspertlər iştirak ediblər.
IJF-nin direktoru Envik Qalea bildirib ki, azərbaycanlı cüdoçular bu cür şəraitə malik təlim-məşq mərkəzində hazırlaşdıqları üçün şanslıdırlar: "Bir neçə həftə əvvəl Macarıstanda bu cür toplanışımız olmuşdu. Mən orada da demişdim ki, cüdo məşqçiləri beynəlxalq arenada layiqincə mübarizə aparmaq üçün lisenziya əldə etməldirlər. Bizim də məqsədimiz Azərbaycanla yanaşı, digər ölkələrdə də cüdonu inkişaf etdirməkdir".
Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin rəisi Mehman Kərimov burada yaradılan şəraitin yüksək səviyyədə olduğunu söyləyib. O, azərbaycanlı cüdoçuların "Paris-2024" Yay Olimpiya Oyunlarında uğurlu nəticələr qazanacağına inamını ifadə edib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu əsas məqsədlərinin məşqçilərin beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmasıdır. O, gələcəkdə daha böyük layihələr həyata keçirəcəklərini vurğulayıb.
Qeyd edək ki, cüdo məşqçiləri üçün təşkil olunan imtahanda uğur qazananlara fevralın 10-da sertifikat təqdim olunacaq.