İDMAN
Baş katib: Təəssüf ki, medal gözlədiyimiz idmançılar ümidləri doğrultmurlar
Bakı, 5 fevral, AZƏRTAC
“Bəzi idmançılar bizi məyus edir. Təəssüf ki, onlar etimadımızı doğrultmurlar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçilik və sertifikat proqramının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Baş katib Portuqaliyada keçirilən Qran-Pridə və Parisdəki "Böyük dəbilqə" yarışında alınan nəticələrin qənaətbəxş olduğunu söyləyib: "Bizim üçün ən önəmlisi idmançıların yüksək səviyyədə hazırlıq keçmələridir. Portuqaliya Qran-Prisinə və Parisdəki "Böyük dəbilqə" yarışlarına baxsaq, yaxşı nəticələr olduğunu görə bilərik. Bir sıra idmançılar uzun zamandır onlardan gözlədiyimiz çıxışı nümayiş etdirməyə başlayıblar. İndi əsas məqsəd zədəsiz növbəti turnirlərdə iştirak etməkdir. Hazırda işimiz çoxdur. Ciddi şəkildə hazırlaşmalıyıq".
O, fevralın 16-18-də Bakıda keçiriləcək "Böyük dəbilqə" yarışının əhəmiyyətli olduğunu deyib: "Bu turnir bir növ may ayında keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyacaq. Əsas plan toplanışın düzgün aparılmasıdır".
"Paris-2024" Yay Olimpiya Oyunları üçün seçim sənədlərinin olduğunu xatırladan R. Rəsullu əlavə edib: "Burada reytinq önəmlidir. Həmin vaxt kim formada olsa, o idmançıya da üstünlük veriləcək. Bu da federasiya və məşqçilər heyətinin qərarından asılı olacaq. Hazırda 73, 100 və +100 kiloqram çəki dərəcələri arasında güclü rəqabət var. Digər çəkilərlə bağlı isə yekun qərarı Dünya çempionatından sonra verəcəyik".