Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Çimərlik güləşi üzrə U-17 dünya çempionatında milli komandamız üçün yarışlar fantastik göstəricilərlə başlayıb və komandamız 8 medal qazanıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının baş məşqçisi Oyan Nəzəriani yığmanın Bakıda keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
Milli komandanın əldə etdiyi komanda hesabındakı uğurlardan danışan baş məşqçi bunun tarixi bir nəticə olduğunu vurğulayıb: “Qadınlardan ibarət U-17 milli komandamız komanda hesabında dünya çempionu oldu. Oğlanlarımız da komanda hesabında ikinci yeri tutdular. 85 xal qazandıq. Hətta ilk yeri tutan komanda ilə medal əyarlarına görə də eyni nəticəyə malik idik, sadəcə çox cüzi bir göstərici ilə ikinci pillədə qərarlaşdıq. Bu, həqiqətən möhtəşəm və tarixi bir nəticədir”.
O.Nəzəriani bu uğurun böyük bir komanda əməyinin bəhrəsi olduğunu bildirib: “Hər bir möhtəşəm qələbə birgə əməyin nəticəsidir. İdmançıların ailələri və şəxsi məşqçiləri ilə yanaşı, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsi komanda şəklində sıx əməkdaşlıq etdilər. Bu yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə və belə parlaq nəticənin əldə olunmasına böyük dəstək göstərildi”.