BAŞ MƏŞQÇİLƏRİN “YARPAQ TÖKÜMÜ”
Futbol üzrə Avropa və dünya çempionatları başa çatar-çatmaz komandalara rəhbərlik edən bir çox baş məşqçilər tutduqları postla vidalaşmalı olurlar: bəzilərinin müqaviləsi başa çatır, digərləri isə çempionat müddətində milli komandanın zəif oyununa görə tutduqları vəzifəni təhvil vermək məcburiyyətində qalırlar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, futbol üzrə 13-cü Avropa çempionatı da oxşar hadisələrlə müşayiət olunur. AVRO-2008-in sona çatmasına bir neçə gün qalmış artıq Avropanın bir sıra yığma komandalarının baş məşqçiləri öz postlarını tərk etmiş və çempionatın yekun mərhələsində mübarizəyə start vermiş 16 yığma komandadan 10-u növbəti mövsümdə yeni baş məşqçilər tərəfindən çalışdırılacaqdır.
Kübi Kuhn (İsveçrə), Marko van Basten (Hollandiya), Luis Araqones (İspaniya), Karel Brükner (Çexiya), Luiz Felipe Skolari (Portuqaliya) rəhbərlik etdikləri komandalarla müqavilələrini könüllü surətdə artırmamaq qərarına gəlmişlər. Avstriya yığmasının baş məşqçisi Yozef Hikersberqer cari ilin sonunadək müqaviləsinin qüvvədə olmasına baxmayaraq, Avstriya millisinin qeyri-qənaətbəxş oyununa görə, iyunun 24-də “ağ bayraq” qaldırdığını elan etmişdir.
Lars Laqerbek (İsveç) və Roberto Donadoni (İtaliya) öz yetirmələrinin uğursuz çıxışlarına rəğmən, milli komandaya rəhbərliyi davam etdirmək əzmində olduqlarını bildirmişlər. R.Donadoni keçirdiyi mətbuat konfransında istefa vermək isəmədiyini qeyd etsə də, İtaliya Futbol Federasiyası artıq 2006-cı ildə ölkə millisinə dünya çempionu titulunu qazandıran Marçello Lippini növbəti mövsümdən baş məşqçi kimi “mavi eskadraya” dəvət etmişdir.
Çalışdırdıqları yığma komandaları ½ final mərhələsinə yüksəldən Fatih Terim (Türkiyə), Qus Hiddinq (Rusiya) və Yoaxim Löv (Almaniya) isə öz mövqelərini qoruyub saxlamaq uğrunda daha güclü kartlara malikdirlər.