Batumidə CORLEAP-ın XII illik yığıncağı təşkil edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransının (CORLEAP) XII illik yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Nərimanov Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov iştirak ediblər.
Tədbirdən əvvəl Anar İbrahimovun iştirakı ilə CORLEAP-ın büro iclası baş tutub. Sonra CORLEAP-ın XII illik yığıncağı işinə başlayıb. Konfransın açılışında Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini Mzio Giorgobiani və Batumi şəhərinin meri Arçil Çikovani çıxış ediblər.
CORLEAP-ın gündəliyində duran ilkin məsələ kimi “Yeni geosiyasi reallıqda “Şərq Tərəfdaşlığı” mövzusunda şəhərlərin və bölgələrin səsi” məsələsi müzakirə olunub.
Daha sonra “Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının vətəndaşlarla dialoqu” adlı debat keçirilib və "Tərəfdaşlarımızla nə edə bilərik" mövzusunda hesabat verilib.
Sonda “Yerli səviyyədə vətəndaşlar üçün elektron xidmətlər: COVID-19 pandemiyası yaxşı nə nəticə verdi?” mövzusunda CORLEAP hesabatı dinlənilib. Hesabatda Azərbaycan əhalisinin mütləq əksəriyyətinin internetə və elektron xidmətlərə çıxış imkanları müsbət təcrübə kimi dəyərləndirilib.
Qeyd edək ki, 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilən Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı Avropa İttifaqı-Şərq Tərəfdaşlığının yerli və regional hakimiyyət orqanlarının platforması kimi fəaliyyət göstərir.