BBC-nin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə birtərəfli münasibəti yolverilməzdir – ŞƏRH
Bakı, 5 sentyabr, AZƏRTAC
Dünyanın qlobal media qurumlarından biri də BBC telekanalıdır. Eyni zamanda, BBC korporativ maraqlara xidmət edən bir media orqandır. Burada BBC-nin bağlı olduğu lobbi qrupları, həmçinin müəyyən qurumlar da ola bilər. Çox təəssüf ki, Azərbaycanla bağlı məsələlərdə bu cür həssas məqamda BBC korporativ maraqlardan çıxış edərək bu cür separatçı bəyanatlara meydan verir. Belə ki, BBC telekanalının müxbiri Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilərin vəziyyətinə dair iki erməni ekspertdən müsahibə alaraq yayıb. Həmin xəbərlər yalnız ermənilərin söylədikləri yalanlar əsasında hazırlanıb. Azərbaycan tərəfinin fikirlərinə ötəri yer verən müəllif daha çox ermənilərin vəziyyətindən bəhs edib.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
O bildirib ki, həmin reportajda təklif olunan Ağdam-Xankəndi yolundan söz açılmayıb. Bundan başqa, Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıq etdiyi, Rusiya sülhməramlılarının qanunsuz erməni silahlı dəstələrinə silah-sursat daşıdığı da qeyd edilməyib.
Bunların ələlxüsus ikiüzlü yanaşma olduğunu deyən U.Mirzəyev BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibətini yolverilməz adlandırıb: “Mən həm fərd olaraq, həm də Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti olaraq BBC-nin bu cür fəaliyyətlərini pisləyir və rica edirəm ki, bu məsələlərə həssaslıqla yanaşsınlar. Azərbaycan 30 ildir müharibədən əziyyət çəkir. Bir milyondan çox qaçqınımız, məcburi köçkünümüz var. Həmin soydaşlarımızın doğma yurdlarına qayıdış məsələsi əsas prioritetlərdəndir. Bu gün Xankəndidəki ermənilərdən söhbət gedir, müzakirələr aparılır, amma orada yaşayan azərbaycanlıların taleyi barəsində bir kəlmə də danışılmır. Bizim bütün Ermənistan ərazisindən köçürülən həmyerlilərimizi görməzdən gəlirlər. Bütün bunlar xoşagəlməyən, qəbul edilməyən məsələlərdir. Azərbaycan Mətbuat Şurasının BBC-nin Azərbaycan barədə qeyri-obyektiv materiallarına dair bəyanatı ilə həmrəyik”.