BBVB BEHS SİSTEMİNİN İKİ İLLİYİNİ DİLER YERLƏRİNİN YENİ İNTERFEYSİ İLƏ QEYD ETMİŞDİR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birja, sistem hazırlayanlarla – Rusiyanın “İNİST” şirkətinin mütəxəssisləri proqram vəsaitlərində zəruri dəyişikliklər etmişdir ki, bu da hazırda valyuta və kredit əməliyyatlarını bu həftədən Azərbaycan dilində aparmağa imkan verir. Əvvəllər BEHS-in proqram-texniki kompleksinin imkanları sayəsində yalnız banklar arasında əqdlərin bağlanmasının yekunlarına görə sənədlərin formalaşması prosedurunu dövlət dilində aparmaq mümkün idi. Birja iyunun axırlarından bəri banklarda Azərbaycan versiyasının installyasiyasına başlayan hərracların rejim və reqlamentində heç bir dəyişiklik etməmişdir. Diler yerlərinin milliləşdirilməsi BEHS çərçivəsində fəaliyyət göstərən və BBVB-nin sərbəst hərrac nişanı kimi qeydə alınmış Banklararası Mütəşəkkil Kredit Bazarının iştirakçısı olan treyderlərə də aiddir.
BBVB-də elektron hərrac sisteminin tətbiqi valyuta bazarında inqilab yaratmışdır ki, bu da Azərbaycanın maliyyə bazarı infrastrukturunu yeni, dəqiq işləyən hərrac-informasiya sistemi səviyyəsinə qaldırmağa imkan vermişdir. BEHS sisteminin fəaliyyəti ərzində əməliyyatların ümumi həcmi buna sübutdur. Bu göstərici 933 milyon ABŞ dollarını ötüb keçmiş, əqdlərin sayı isə 2,274 minə çatmışdır. Hazırda BEHS-də 6 valyuta aləti üzrə 30 bankın iştirakı ilə hər gün hərraclar keçirilir.