BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ HƏRRACLARIN HƏCMİ 4 DƏFƏ ARTMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birja valyuta bazarının lider bankları sırasına valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq olaraq, Azərbaycan Beynəlxalq Bankı, “Bank Standard Kommersiya Bankı” Qapalı Səhmdar Cəmiyyəti, “Bank of Baku” Səhmdar-Kommersiya Bankı, “Texnikabank” və “Kapital bank” Səhmdar Bankı daxil olmuşlar.
İyun ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclarda cəmi 21 bank iştirak etmişdir. Həmin ay Elektron Hərracları Birja Sistemində (EHBS) 40 ticarət sessiyası keçirilmiş, 87 əqd qeydə alınmışdır. Hərracların həcmi manatla 121 milyon 181 min, yaxud ABŞ dolları ilə 135,314 milyon təşkil etmiş, AVR üzrə əqdlər isə 300,530 min AZN olmuşdur. İyun ayında valyuta bölməsində hərracların ümumi həcmi dollar ekvivalenti ilə 135,64 nilyondan çox olmuşdur. Əvvəlki ayla müqayisədə valyuta bölməsi hərraclarının həcmi, demək olar, 4 dəfə artmışdır, halbuki xarici valyuta ilə birja ticarəti 2005-ci ilin iyununa nisbətən 2,32 dəfə, yaxud 77,22 milyon dollar çoxalmışdır. Yanvar-iyun aylarının yekunlarına əsasən, BBVB-də valyuta əqdlərinin həcmi 440,489 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 14,62 faiz, yaxud 56,18 milyon dollar çoxdur.
İyunda milli valyutanın birja məzənnəsi 0,40 faiz möhkəmlənərək, 1 USD üçün 0,8986-dan 0,8950-dək olmuşdur. Nəticədə manatın orta hesablanmış məzənnəsi iyun ayında ABŞ dollarına nisbətən 1 USD üçün 0,8956 AZN təşkil etmişdir, hərçənd mayın yekunlarına əsasən 0,9013 AZN-ə bərabər idi. Ümumən, milli valyutanın birja məzənnəsi son ildə ABŞ dollarına nisbətən 5,27 faiz möhkəmlənmişdir.