BDU ilə Özbəkistan universitetləri arasında çoxşaxəli əməkdaşlıq: birgə layihələr və konfranslar
Bakı, 25 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığında birgə elmi tədqiqatlar, beynəlxalq konfranslar, elmi nəşrlər və layihələr xüsusi yer tutur. Birgə elmi tədbirlər də tərəfdaşlığın mühüm istiqamətini təşkil edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
2023-cü ildə BDU Əndican Dövlət Universitetində keçirilən “Avrasiya biomüxtəlifliyinin qorunması” beynəlxalq konfransının tərəfdaş təşkilatçılarından biri olub. Əməkdaşlıq 2024-cü ildə İzmirdə keçirilən ikinci, 2025-ci ildə isə Nukusda keçirilən üçüncü beynəlxalq konfransla davam etdirilib. BDU, Əndican Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin iştirakı ilə formalaşan bu elmi platforma Azərbaycan, Özbəkistan və Türkiyə alimlərinin biomüxtəlifliyin qorunması sahəsində əməkdaşlığı üçün davamlı mexanizmə çevrilib. Konfransın növbəti toplantısının 2026-cı ilin noyabrında BDU-da keçirilməsi nəzərdə tutulur.
2025-ci ildə BDU və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Özbəkistan–Azərbaycan: Ədəbi əlaqələr və əməkdaşlıq perspektivləri” beynəlxalq konfransı keçirilib. Tədbirdə iki ölkə arasında ədəbi-mədəni və humanitar əlaqələrin müxtəlif aspektləri müzakirə olunub. Həmin il BDU və Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin birgə təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Nəzəri və eksperimental kimyanın müasir problemləri” II beynəlxalq elmi konfransı keçirilib.
BDU, Özbəkistanın Geologiya Elmləri Universiteti ilə də elmi əməkdaşlığı genişləndirir. Tərəflər arasında 2026-cı ilin aprelində imzalanmış memorandum birgə tədqiqatların, elmi konfransların, akademik proqramların, habelə tələbə, doktorant, tədqiqatçı və əməkdaş mübadiləsinin inkişafını nəzərdə tutur. Bundan əvvəl isə BDU və Özbəkistanın Geologiya Elmləri Universitetinin birgə təşkilatçılığı ilə “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Riyaziyyat sahəsində də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. BDU, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd Beynəlxalq Maliyyə Menecmenti və Texnologiyaları Universiteti, V.İ.Romanovskiy adına Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutu və Malayziyanın Utara Universitetinin təşkilatçılığı ilə 2025-ci il mayın 30–31-də Daşkənddə “Cəbr, analiz, topologiya və hesablama riyaziyyatının aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib.
Birgə elmi layihələrin hazırlanması da BDU–Özbəkistan əməkdaşlığının inkişaf edən istiqamətlərindəndir. “Özbəkistan–Azərbaycan” birgə beynəlxalq elmi müsabiqəsi çərçivəsində BDU alimləri Özbəkistanın Əjiniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutu, Navoiy Dövlət Universiteti, Qaraqalpaq Təbiət Elmləri Elmi-Tədqiqat İnstitutu, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Tibb İnstitutu, Daşkənd Farmasevtik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu ilə əməkdaşlıq çərçivəsində biologiya, kimya, ekologiya, nanotexnologiya və biotibb istiqamətləri üzrə 5 birgə elmi layihə təqdim edib.
Humanitar və ictimai elmlər sahəsində əməkdaşlıq da genişlənir. BDU-da 2026-cı ilin mayında Azərbaycan–Özbəkistan münasibətlərinin müstəqillik illərində elmi araşdırılmasına həsr olunmuş seminar keçirilib. Tədbirdə birgə tədqiqat mərkəzlərinin yaradılması, gənc tədqiqatçılar platformasının formalaşdırılması, qrant layihələrinin hazırlanması və arxiv materiallarının rəqəmsallaşdırılması kimi təşəbbüslər müzakirə olunub.
Tarix, türkoloji tədqiqatlar, şərqşünaslıq, dil və ədəbiyyat istiqamətləri də əməkdaşlığın mühüm sahələrindəndir. BDU-nun Tarix fakültəsində “Ölkəşünaslıq (Özbəkistan üzrə)” ixtisaslaşmasının mövcudluğu bu istiqamətdə kadr hazırlığına xüsusi diqqətin göstəricisidir. 2026-cı ilin iyununda BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış memorandum birgə layihələr, konfrans və seminarlar, akademik proqramlar, elmi nəşrlər, eləcə də tələbə, doktorant və müəllim mübadiləsini əhatə edir.