BDU-nun dosenti: Müəllimlər və tələbələr distant tədrisə qısa müddətdə uyğunlaşa bildilər
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) COVID-19 pandemiyası şəraitində təhsilin davamlılığının və keyfiyyətinin təmin edilməsi məqsədilə tədris prosesini onlayn davam etdirir. BDU-da yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayıb. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi imtahanların gedişi, tələbələrin yeni vəziyyətə adaptasiyası, onlayn imtahan sessiyasının səmərəliliyi barədə mütəmadi olaraq professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə təqdim edir. Mexanika-riyaziyyat fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Elvin Əzizbəyov BDU-da keçirilən onlayn imtahan sessiyası barədə fikirlərini AZƏRTAC-a açıqlayıb.
O bildirib ki, onlayn imtahan sessiyası uğurla davam edir. İmtahanlar əvvəlcədən tərtib edilmiş cədvəl əsasında ikinövbəli formada təşkil olunur. İmtahan prosesində fənn müəllimi, assistent, kafedra müdiri iştirak edir. Əlavə olaraq imtahanın gedişini Tələbə Nəzarət Qrupunun üzvləri də müşahidə edə bilir. Jurnal siyahısı üzrə ilk tələbədən başlamaqla bilet seçilir və müəllim həmin bileti açıb tələbəyə göstərir. Tələbə götürdüyü biletlə tanış olub hazırlaşmağa başlayır. İlk beşinci tələbə də bilet götürdükdən sonra birinci tələbə cavab verməyə başlayır. Tələbə biletdəki bütün sualları cavablandırdıqdan sonra qiymətləndirilir və elektron sistemə daxil edilir. Bütün bu proses videoyazıya alınır. Tələbə hər hansı anlaşılmazlıq yarandığı halda Apellyasiya Komissiyasına müraciət edir, videoyazı yenidən izlənilir və haqlı olduğu halda tələbənin istəyi təmin edilir.
Hazırda universitetdə onlayn imtahan sessiyası ilə yanaşı, bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi prosesi də davam edir. Universitetin Elmi Şurasının qərarına görə, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilirlər. ÜÖMG-yə uyğun olaraq dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanlarının təşkili nəzərdə tutulub. Magistratura səviyyəsində isə magistrlik dissertasiyalarının müdafiəsinin ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilməsi nəzərə alınıb. Onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün də koronavirusla bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada dissertasiya müdafiələri təşkil olunacaq.
E.Əzizbəyov vurğulayıb ki, dörd aya yaxındır ki, karantin rejimində yaşayırıq. Dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılma sürətini minimuma endirmək, epidemiyanın qarşısını almaq və iqtisadi dayanıqlılığı saxlamaq üçün ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Məhz bu qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu gün pandemiyadan ən az əziyyət çəkən dövlətlər sırasında yer alır. Lakin təəssüf ki, bütün sahələrdə olduğu kimi pandemiya təhsil sahəsinə də mənfi təsirini göstərdi və virusun ölkə sərhədlərinə yaxınlaşdığı vaxt bütün təhsil müəssisələrində tədris prosesi donduruldu. Buna baxmayaraq, universitet rəhbərliyinin çevik yanaşması, professor-müəllim heyətinin, köməkçi heyətin və tələbələrin @bsu.edu.az domenli elektron ünvanlarla təmin olunması vaxt itirmədən distant tədrisə başlamağa imkan yaratdı. Dərslər geniş imkanlara malik olan “Microsoft Teams” platforması üzərindən onlayn formatda bərpa olundu. Bununla da BDU-da ənənəvi təhsil distant təhsillə əvəz olundu. İlk günlərdə bəzi texniki çətinliklər olsa da təhsilalanlar və müəllimlər tezliklə bu tədris formasına tam uyğunlaşa bildilər. Daha sonra bu platforma üzərindən distant iclaslar, elmi seminarlar, hətta elmi konfransların təşkil olunması uğurla həyata keçirildi.
“Distant təhsilin əlavə vaxt itkisinin olmaması, təhsilalanların virtual tədris sistemləri ilə işləmək bacarıqlarının artırılması və bu platformalar vasitəsilə digər təhsil müəssisələrindəki professor-müəllim heyətinin mühazirələrini dinləmək imkanları əldə etməsi, kağız sərfiyyatının azalması kimi üstün cəhətlərini qeyd etmək olar. Lakin bir çox fənlərin ayrılmaz hissəsi olan laborator dərslərin keçilməsində, təcrübi tapşırıqların yerinə yetirilməsində tələbələrlə canlı ünsiyyətə ehtiyac var. Çətinliklərə baxmayaraq bütün tələbələrə uğurlar arzu edirəm!”, - deyə Elvin Əzizbəyov qeyd edib.