BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və humanitar əlaqələrlə yanaşı, son illərdə ali təhsil və elmi-tədqiqat sahəsində də institusional əməkdaşlığın yeni mərhələsi formalaşıb. Bu prosesdə Bakı Dövlət Universiteti (BDU) fəal iştirak edir. BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. İndiyədək universitet Özbəkistanın 44 ali təhsil və elmi-tədqiqat müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq sənədləri imzalayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, əməkdaşlığın xüsusilə intensivləşdiyi dövr 2024–2026-cı illəri əhatə edir. 2024-cü il yanvarın 25-də Bakı Dövlət Universitetində Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günləri çərçivəsində geniş tədbir keçirilib. Tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının birinci sədr müavini akademik Akmal Saidov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov, Özbəkistanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, BDU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və humanitar əlaqələrin, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Çıxışlarda iki ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin, müəllim və tələbə mübadiləsinin artırılmasının, doktorantura imkanlarının genişləndirilməsinin, birgə elmi tədqiqatların və akademik layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, BDU ilə Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu arasında astronomiya və elmi əməkdaşlığı əhatə edən memorandum imzalanıb.
2025-ci ildə isə əməkdaşlığın institusional miqyası daha da genişlənib. I Azərbaycan–Özbəkistan Rektorlar Forumu çərçivəsində BDU Özbəkistanın 16 ali təhsil müəssisəsi ilə memorandum və əməkdaşlıq müqavilələri imzalayıb.
Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Əndican Dövlət Universiteti, Əndican Dövlət Texniki Universiteti, Nəvai Dövlət Dağ Mədənçiliyi və Texnologiya Universiteti, Səmərqənd İqtisadiyyat və Servis İnstitutu, Fərqanə Dövlət Universiteti, Kokand Dövlət Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Özbək-Fin Pedaqoji İnstitutu, Qarşi Dövlət Universiteti və digər ali məktəblərlə imzalanmış sənədlər tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, akademik proqramlar, elmi nəşrlər, konfranslar və digər istiqamətləri əhatə edir.
Əməkdaşlığın coğrafiyası Özbəkistanın aparıcı ali təhsil müəssisələrini əhatə edir. Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti, Qarşi Dövlət Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti və digər ali məktəblərlə müxtəlif səviyyələrdə əməkdaşlıq həyata keçirilir.