BDU Türkiyədə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə təmsil olunub
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və Türkiyənin Kastamonu Universitetinin məlumat və sənədlərin idarə edilməsi bölümünün birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Türkiyədə hər il mart ayının sonunda keçirilən “Kitabxana həftəsi” çərçivəsində baş tutub. Tədbirdə hər iki fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.
Moderator, Kastamonu Universitetinin tələbəsi Tufan Cinge qeyd edib ki, 1964-cü ildən başlayaraq “Kitabxana həftəsi”nin keçirilməsində məqsəd cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana işinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Həftəboyu müxtəlif tədbirlər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr dinlənilir.
Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Pərviz Kazımi “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirə oxuyub. Mühazirədə ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda, Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib.
Kastamonu Universitetinin məlumat və sənədlərin idarə edilməsi bölümünün rəhbəri, professor Hasan Keseroğlu və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı pandemiya dövründə fakültələr arasında onlayn mühazirələrin təşkili, postpandemiya dövründə isə həyata keçiriləcək müəllim və tələbə mübadiləsi barədə danışıblar.