BƏDİİ GİMNASTİKA ÜZRƏ 15-Cİ BAKI BİRİNCİLİYİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 15-də Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə uşaqlar və yeniyetmələr arasında 15-ci paytaxt birinciliyinə start verilmişdir. Üç yaş qrupu üzrə keçirilən yarışda birincilik uğrunda 88 idmançı mübarizə aparır. Yarışda paytaxt gimnastları ilə yanaşı 6 Gəncə idmançısı da iştirak edir.
Yarışların açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gimnastlarının son illər qazandıqları nailiyyətlərindən danışmış, idmançılarımızın həm Avropa, həm də dünya çempionatlarından uğurlu nəticələrlə qayıtdığını söyləmişdir. Bu yarışda iştirakçıların sayının artması isə respublikamızda bədii gimnastikaya artan marağın nəticəsidir. Bakının son illər həm dünya, həm də Avropa çempionatlarına ev sahibliyi etməsi, bu idman növünün ölkəmizdə populyarlaşmasına gətirib çıxarmışdır.
Natiq demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təkcə paytaxtda deyil, bölgələrdə də bu idman növünə maraq artmışdır.
Bildirilmişdir ki, Pekin Olimpiya Oyunlarına 3 vəsiqə əldə etmiş Azərbaycanın gimnastları, ilk dəfə olaraq bu yarışlarda gimnastikanın bütün növlərində təmsil olunacaqlar.
Birinciliyin ilk günü 1999-2000-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışlarında qaliblər müəyyənləşmişdir. Yarışın nəticələrinə əsasən Cənnət Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Mehparə Mənsurova ikinci, Nərminə Hüseynova üçüncü yeri tutmuşlar.
Bakı birinciliyi fevralın 17-də başa çatacaqdır.
######
