Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günündə Azərbaycan millisi finalda mübarizə aparacaq
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinin sonuncu gününə fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışları ilə start verilib.
AZƏRTAC xəbər verir ki, fərdi yarışlarda əvvəlcə halqa və top, ardınca gürzlər və lent ilə hərəkətlərdə ən güclü gimnastlar müəyyənləşəcək.
Daha sonra qrup hərəkətləri yarışlarının finalçıları 5 halqa, 3 top və 2 iplə məharətlərini göstərəcəklər. Qrup yarışlarında Azərbaycan milli komandasının heyətində Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman mübarizə aparacaqlar. Komandamız halqa ilə yarışlarda meydana 6-cı, toplar və iplərlə mübarizədə isə 8-ci çıxacaq.
Yarışların ilk iki gününün nəticələrinə görə final mərhələsində ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda yarışacaq.