İDMAN
Bədii gimnastika üzrə Dünya Kubokunun fərdi proqramında çoxnövçülük yarışlarının qalibləri mükafatlandırılıb VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Bakıda, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun fərdi proqram üzrə çoxnövçülük (gürzlər və lent) yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı fərdi yarışlarda “A” qrupunda təmsil edən Zöhrə Ağamirova və Veronika Hudis iki hərəkətin cəmində müvafiq olaraq 29,250 və 30,050 xal toplayıblar. Çoxnövçülük üzrə ümumi nəticədə V.Hudis 60,650, Z.Ağamirova isə 59,750 xal toplayaraq müvafiq olaraq 12-ci və 17-ci yerlərdə qərarlaşıblar.
“A” və “B” qrupunun ümumi nəticələrinin cəminə görə isə rusiyalı Maria Sergeyeva 69,050 xalla bütün rəqiblərini qabaqlayıb. Ukraynalı Vlada Nikolçenko 67,550 xalla gümüş, Belarus təmsilçisi Anastasiya Salos isə 66,550 xalla bürünc medal qazanıb.
Sonra çoxnövçülükdə fərdi proqram üzrə gimnastların mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə medalları bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva, Gürcüstan Bədii Gimnastika Federasiyasının prezidenti Nelli Saladze və Beynəlxalq Gimnastika Federasiyasının (BGF) hakimlər üzrə nümayəndəsi Kerolayn Hant təqdim edib.
Bu il keçirilən Dünya Kuboku turniri mərhələlərində ən yaxşı nəticə göstərən İsrail gimnastı Linoy Aşram BGF tərəfindən mükafatlandırılıb.
Həmin gimnast Bakıda keçirilən sonuncu - dördüncü Dünya Kuboku yarışlarında iştirak etməyib. Mükafat bundan əvvəlki üç dünya kubokunun nəticələrinə əsasən təsis edilib və İsrail Gimnastika Federasiyasının nümayəndəsi Fira Voronova təqdim olunub.
Fərdi çoxnövçülük üzrə “Ən yüksək icra xalı” nominasiyasının qalibi isə Rusiya təmsilçisi Mariya Sergeyeva olub. “AGF Trophy” kubokunu ona M.Vasileva təqdim edib.
Günün sonunda qrup hərəkətləri proqramı üzrə çoxnövçülükdə təsnifat yarışları keçiriləcək. Milli komandalar 3 top və 2 iplə öz bacarıqlarını nümayiş etdirəcəklər.