BƏDİİ TƏRCÜMƏYƏ HƏSR EDİLMİŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Birliyin sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anar müşavirəni açaraq ədəbi dünyagörüşünün formalaşmasında bədii tərcümənin əhəmiyyətindən danışmışdır. Sonra məruzə üçün söz şair-tərcüməçi Səlim Babullaoğluna verilmişdir.
Məruzədə 1997-ci ildən - ötən qurultaydan keçən müddət ərzində Azərbaycanda bədii tərcümənin vəziyyəti, uğurları və çatışmazlıqları ətraflı təhlil olunmuşdur. Görkəmli əcnəbi yazıçı və şairlərin tərcümə edilmiş əsərlərinin uzun müddət çap olunmadığı təəssüf hissi ilə vurğulanmışdır.
Dünya ədəbiyyatı nümunələri ilə bədii tərcümələr vasitəsilə tanış olduğumuzu bildirən natiq tərcümə əsərlərinə daha çox diqqət verən mətbu orqanların adlarını çəkmiş və onların bu sahədəki işini yüksək qiymətləndirmişdir.
Məruzə və çıxışlarda bədii tərcümənin keyfiyyətini yüksəltmək, əhatə dairəsini genişləndirmək məqsədi ilə dəyərli təkliflər irəli sürülmüşdür.
Anar qurultayqabağı janr məsələlərinə həsr olunmuş son müşavirəyə yekun vuraraq söylənilən təkliflərin həyata keçirilməsi üçün hamının səy göstərməsini vacib hesab etmişdir.