Belarus Beynəlxalq Media Forumunun iştirakçıları qətnamə qəbul ediblər
Bakı, 9 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Minskdə “Gələcək naminə tərəfdaşlıq: Böyük Qələbənin irsi” X Belarus Beynəlxalq Media Forumu keçirilir.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov iştirak edir. Onunla bərabər, media forumunda Azərbaycanı “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, AZƏRTAC-ın sosial şəbəkələr və informasiya resursları ilə iş şöbəsinin müdiri Elşən Şahbalayev və “Kaspi” qəzetinin siyasət və iqtisadiyyat şöbəsinin müdiri Roman Temnikov da təmsil edirlər.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, forum iştirakçıları qətnamə qəbul ediblər. Sənəddə deyilir: “Müasir münaqişələr aydın şəkildə göstərir ki, informasiya qarşıdurmasında təbliğat resursu kimi mass-mediadan istifadə olunması istəyi keçmişin mirası deyil. İnformasiya təxribatları gündəlik sıxıntıya çevrilib. Belə hallarda yalan informasiyanın həcmi obyektiv informasiyanı xeyli üstələyir ki, bu da insanlarda dünyanın təhrif olunmuş mənzərəsini formalaşdırır”. Forum iştirakçılarının fikrincə, bütün bunlar jurnalist peşəsinin hörmətdən düşməsinə, insanların sözə etibarının itməsinə səbəb olur.
Sənəddə qeyd olunur ki, “Peşəkar jurnalistlər birliyinin vəzifəsi informasiya müharibələrinin “hamı hamıya qarşı” girdabına yuvarlanmasına yol verməməkdir. Buna çoxillik təcrübə, korporativ həmrəylik, ani siyasi konyunkturanın kütləvi informasiya vasitələrinin redaksiya siyasətinə təsirinin minimuma endirilməsi əsasında işlənib hazırlanmış jurnalist etikası normalarına riayət etməklə nail olmaq mümkündür. Jurnalistin mənəvi və sosial məsuliyyəti kimi kateqoriya müasir şəraitdə çox mühüm əhəmiyyət kəsb edir”.
Qətnamədə müasir çağırışlara və təhdidlərə səmərəli müqavimət göstərmək, quruculuq və inkişaf naminə beynəlxalq təhlükəsizliyi və ədalətli dünya nizamını təmin etmək üçün müxtəlif ölkələrin media və ekspertlər birliyinin səylərini birləşdirməyin zəruriliyi də vurğulanır. Media forumunun iştirakçıları “müasir dünyanın daha ədalətli və təhlükəsiz olmadığını” təəssüf hissi ilə bildirirlər. Qeyd olunur ki, bir sıra regionlarda, o cümlədən Avropada aparıcı dövlətlərin geosiyasi rəqabəti güclənir, sosial iqtisadi ziddiyyətlər kəskinləşir, açıq hərbi münaqişələr alovlanır.
Qətnamədə deyilir: “Bununla əlaqədar olaraq, Böyük Qələbənin xatirəsi xüsusi əhəmiyyət kəsb edir. O vaxt, 70 il əvvəl müxtəlif ideologiyaya və siyasi sistemə malik dövlətlər bəşəriyyətin üzləşdiyi ümumi faşizm təhlükəsinə qarşı mübarizə aparmaq üçün birləşdilər. Bu ümumi və böyük mübarizənin xatirəsini qoruyub saxlamaq indiki və gələcək nəsillərin müqəddəs borcudur”.
Forum iştirakçıları dünya gündəliyinin aktual məsələlərinin Minskdəki media forumunda müzakirə edilməsi imkanına görə Belarus Prezidenti Administrasiyasına, İnformasiya Nazirliyinə, İttifaq Dövlətinin Daimi Komitəsinə, MDB İcraiyyə Komitəsinə, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna təşəkkür ediblər.