BELARUS PREZİDENTİ BLOKLARA QOŞULMAMAQ HƏRƏKATINI DÜNYA MƏRKƏZİNƏ ÇEVİRMƏYİ TƏKLİF EDİR
Belarus tərəfi bloklara qoşulmamaq hərəkatının dünyanın müstəqil siyasi qüvvə mərkəzinə çevrilməsinə tərəfdardır. A.Lukaşenko ölkəsinin bu hərəkatda iştirakından danışaraq bildirmişdir ki, respublika bundan diplomatik, siyasi və iqtisadi fayda əldə edir.
Sentyabrın 15-16-da dövlət və hökumət başçılarının XIV konfransı keçirilmişdir. Zirvə görüşündə 100-dən çox ölkə iştirak etmişdir. Konfrans çərçivəsində daha iki zirvə toplantısı – dənizə çıxışı olmayan ölkələrin başçılarının və Cənub–Cənub (G-15) xətti ilə əməkdaşlığı inkişaf etdirən ölkələr qrupunun görüşləri keçirilmişdir. Konfrans iştirakçıları müasir dünyanın problemlərini, o cümlədən çoxqütblü dünya quruluşunun bərpa edilməsi, habelə İraqda vəziyyət, İsrailin Livana basqını, BMT strukturunda demokratik islahatlar, Kubanın ABŞ tərəfindən ticarət-iqtisadi blokadaya alınması məsələlərini müzakirə etmişlər.
Bloklara qoşulmamaq hərəkatı 1961-ci ildə hərbi-siyasi bloklara daxil olmayan ölkələr tərəfindən yaradılmışdır. Hərəkat iki qlobal sistem – SSRİ və ABŞ arasında qarşıdurma şəraitində üçüncü alternativ inkişaf yolu təklif etmişdir. Bloklara qoşulmamaq hərəkatının yaradıcıları arasında Cəvahirləl Nehru, Kvame Nkruma, Əhməd Sukarno, Camal Əbdül Nasir də vardı. Bu gün hərəkat Asiya, Afrika və Latın Amerikasından 116 ölkəni, habelə 15 müşahidəçi ölkəni, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Ukraynanı birləşdirir.