Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın törətdiyi təxribatla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Haaqa, 14 sentyabr, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresi (BAK), eləcə də, burada yaşayan azərbaycanlılar Niderland parlamentinə, siyasi partiyalarına, eləcə də bu ölkədə fəaliyyət göstərən təşkilat və qurumlara, Avropa Parlamentinə Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribata dair bəyanatla müraciət edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribat törədildiyi, hərbi qulluqçuların qətlə yetirildiyi və infrastruktura zərbə vurulduğu, dağıntılar törədildiyi qeyd edilib.
"Azərbaycanın sülh məramlı təşəbbüsünə qarşı Ermənistanın hərbi təxribatla cavab verməsinə təəssüflənirik. Ermənistan müxtəlif bəhanələrlə iki ölkə arasında münasibətlərin nizamlanması prosesinə mane olur, beynəlxalq ictimaiyyətin səyləri ilə aparılan sülh danışıqları fonunda qeyri-konstruktiv mövqe nümayiş etdirir, sülh gündəliyinə cavab vermir, üçtərəfli razılaşmaya zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır. Nəqliyyat kommunikasiyalarının və marşrutlarının açılmasını ləngidir, ona hər vəchlə mane olur. Ümumiyyətlə, Ermənistan sülh prosesində maraqlı deyil və sülh prosesinə zərər vermək mövqeyi tutub", -deyə bəyanatda bildirilir.
Vurğulanıb ki, 2020-ci il müharibəsindən sonra yüzlərlə insan erməni tərəfinin yerləşdirdiyi mina və digər partlayıcı qurğuların qurbanı olub.
"Biz, Niderlandda yaşayan Azərbaycanlılar, bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü cavab tədbirləri hərbi hədəflərə yönəlib. Cavab tədbirləri ilə Azərbaycan dövlət sərhədlərində təhlükələrin qarşısını almaq, Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyini təmin etmək, Ermənistanın təcavüzünə son qoymaq məqsədi daşıyır. Azərbaycan Ordusunun guya mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması ilə bağlı Ermənistan tərəfindən yayılan məlumat növbəti yalan, dezinformasiya olduğunu bildiririk.
Sentyabrın 12-də törədilmiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Biz, Niderlandda yaşayan azərbaycanlılar, qətiyyətlə bildiririk ki, Ermənistanın mövqeyi normallaşma və sülh prosesinə tamamilə ziddir. Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır.
Biz, beynəlxalq təşkilatları və qurumları Ermənistanın qeyri-konstruktiv mövqeyinin və hərbi təcavüzünün qarşısını almaq üçün beynəlxalq səviyyədə əməli addımlar atmağa, eyni zamanda Ermənistanı revanşist əməllərə son qoymağa və sülhə təşviq etmək səylərini gücləndirməyə çağırırıq",-deyə bəyanatda vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa