Bərdədə istehlaka yararsız ərzaq məhsulları satışının qarşısı alınıb
Bakı, 26 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən və hüquqi şəxs “Promart” MMC-yə məxsus olan “Megastore” ərzaq məhsullarının pərakəndə satış mağazasında yoxlama aparılıb.
Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Mağazada istifadə müddəti bitmiş və etiket qaydalarına riayət olunmadan bəzi qida məhsullarının satışa təqdim edildiyi aşkarlanıb. Həmçinin mağazanın anbarında mal qonşuluğu prinsipinə riayət olunmadığı, bəzi ərzaq məhsullarının birbaşa divara bitişik formada saxlanıldığı, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, eləcə də iş prosesi zamanı əmələ gələn tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı məlum olub.
Mağazada aşkarlanan pozuntularla bağlı protokol tərtib edilib. Həmçinin saxlanma müddəti bitmiş və etiket qaydalarına riayət olunmadan satışa təqdim edilən məhsulların məhv olunması barədə qərar qəbul edilib.