REGİONLAR
Bərdədə musiqili tədbir – “Qarabağın tacı Şuşam”
Bərdə, 13 iyun, AZƏRTAC
Bərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. “Qarabağın tacı Şuşam” adlı növbəti tədbir Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisinə baxış olub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, Şuşada aparılan bərpa-quruculuq işlərindən, mədəniyyət paytaxtında keçirilən musiqi festivallarından danışıb. 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.