BERLİNDƏ AZƏRBAYCANLI RƏSSAMIN SƏRGİSİ AÇILMIŞDIR
Sərgi “Almaniya-Azərbaycan Mədəniyyətinin Dostları Birliyi”nin köməyi və Berlin Memarlıq və İnşaat Akademiyasının dəstəyi ilə təşkil olunmuşdur.
Sərginin ekspozisiyasını tanınmış rəssamın qrafika və rəngkarlıq janrında yaratdığı təbiət mənzərələri təşkil edir.
Berlin ictimaiyyətinin nümayəndələri, “Almaniya-Azərbaycan Mədəniyyətinin Dostları Birliyi”nin üzvləri, rəssamın yaradıcılığının pərəstişkarları, həmkarları, Almaniyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız sərginin açılış mərasimində olmuş və müəllifi təbrik etmişlər.
Sərginin açılışında çıxış edən Berlin Memarlıq və İnşaat Akademiyasının prezidenti Erix Yaş və sənətşünaslıq doktoru Dieter Raethel azərbaycanlı rəssamın sənəti və yaradıcılığı barədə xoş sözlər söyləmiş və xüsusilə vurğulamışlar ki, rəssamın Berlində növbəti sərgisinin keçirilməsi alman və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin qaynayıb-qarışmasına zəmin yaradan əlamətdar hadisədir.
Berlin sərgisində azərbaycanlı rəssamın 42 əsəri nümayiş etdirilir. Tabloların əksəriyyəti yenidir və ilk dəfə nümayiş etdirilir.
Sərgi 2007-ci il fevralın 9-dək davam edəcəkdir.