Berlində əyalət seçkilərində Xristian-Demokratlar İttifaqı qalib gəlib
Berlin, 13 fevral, AZƏRTAC
Berlin şəhərinin parlamentinə təkrar seçkilərdə (“əyalət seçkiləri”) Xristian-Demokratlar İttifaqı (XDİ) yenidən inamlı qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, səsvermənin son nəticələri belədir. XDİ 28,2 faiz səs toplayıb. Bu, 2021-ci ildəki seçkilərin nəticələri ilə müqayisədə 10,2 faiz bəndi qədər çoxdur. İkinci yeri Almaniya Sosial-Demokrat Partiyası (ASDP) tutur: 18,4 faiz, yəni 3 faiz bəndi qədər az. “İttifaq - 90/yaşıllar” fraksiyası da 18,4 faiz səs toplayıb (0,5 faiz bəndi qədər az). Bu fraksiya üçüncü yerdədir. Maraqlıdır ki, ASDP “yaşılları” cəmi 105 səs geridə qoyub.
Seçicilərin aktivlik göstəricisi 63,1 faiz olub. Bu, 2021-ci ildəkindən xeyli azdır.
2022-ci ilin noyabrında Berlin Əyalət Konstitusiya Məhkəməsi 2021-ci il sentyabrın 26-da keçirilmiş əyalət və bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. Hakimlər bu qərara gəliblər ki, şəhərdəki yüzlərlə seçki məntəqəsində yol verilmiş kobud təşkilati səhvlər səbəbindən səsvermə etibarsız sayılmalıdır. Seçkilərin təkrar keçirilməsi qərara alınıb. Məhkəmənin qətnaməsində göstərilir ki, bu cür pozuntular Berlin parlamentindəki yerlərin təqribən 60 faizinə səsvermənin nəticələrinə təsir göstərib.
Təkrar seçkilərdə XDİ yenidən qalib gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin